Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülür. Bu barədə bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib, xəbəri “İnterfaks” yayıb.
“Xəzər donanmasının Kaspiyskə köçürülməsi haqqında qərar qəbul edilib. Orada böyük tikintimiz başlayır: pirslər, körpülər, xidmət məntəqələri, mənzillər. Zabitlərimizin və hərbi qulluqçuların sayı dəfələrlə artırılacaq”, deyə Şoyqu nazirliyin müşavirəsində bildirib.
Kaspiyskdə yeni baza Azərbaycanla sərhəddən cəmi 130 km məsafədə olacaq.
Donanmanın daxilinə raket mühafizə gəmiləri, kiçik raket və artilleriya gəmiləri, raket və artilleriya katerləri, desant gəmiləri, dəniz piyadası və sahil artilleriya qoşunlarının hissələri daxildir. Donanma Rusiyanın Suriyada hərbi əməliyyatında 2016 ildə iştirak edib.