Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Xəbərlər

Avropa Parlamentinin komitəsi Gürcüstanla viza rejiminin ləğvini dəstəklədi

avropa parlamentiAvropa Parlamentinin vətəndaş azadlıqları, ədliyyə və daxili işlər komitəsi səs çoxluğuyla Avropa Birliyinin Gürcüstanla vizasız rejim tətbiq etməsini dəstəkləyib. Bu barədə «RIA Novosti» informasiya agentliyi məlumat yayıb.

Gürcüstan vətəndaşlarının qısamüddətli səfərlərini vizasız həyata keçirə bilmələri üçün növbəti səsvermə Avropa Parlamentinin özündə keçirilməli, qurum bunu təsdiqləməlidir.

Avropa Komissiyası ötən ilin dekabrında bildirib ki, Ukrayna və Gürcüstan AB ilə viza rejiminin liberallaşdırılmasından ötrü bütün şərtləri yerinə yetiriblər. Amma hələlik, bu məsələdə yekun qərar verilməyib.

Daha öncə Ukraynanın AB-dəki səfiri Mykola Tochytskyi gələn il yanvarın 1-dən Ukrayna və Gürcüstana vizasız rejimin veriləcəyi barədə informasiyaları təkzib edib.

UKRAYNA HESABATI DA DİNLƏNİLİB

Avropa Parlamentinin elə həmin komitəsi sentyabrın 5-də Ukraynayla viza rejiminin liberallaşması barədə hesabatı da dinləyib. Ukraynanın da AB-nin vizasız rejim tətbiq edəcəyi ölkələr sırasına salınması təklifi bir daha səsləndirilib. Bu barədə «Interfax» agentliyi yazır.

«Ukrayna gərəkən proqresə nail olub və bütün kriteriyaları yerinə yetirib», – bolqarıstanlı deputat Maria Gabriel deyib. Ukrayna hesabatını o hazırlayıb. Deputat qeyd edib ki, viza rejiminin liberallaşması üzrə dialoq bəzi sahələrdə islahatları sürətləndirib.

Maria Gabriel vurğulayıb ki, Ukraynada korrupsiyayla mübarizə məqsədilə üç əsas institut yaradılıb. Məruzəçinin sözlərinə görə, hazırda AB ölkələrinin konsulluqlarına müraciət edən Ukrayna vətəndaşlarının 2%-dən də azına viza verilməsindən imtina olunur.

SADİQLİK GÖSTƏRİCİSİ

Deputatın fikrincə, biometrik pasportlara sahib ukraynalılarla viza rejiminin ləğvi «Ukrayna vətəndaşlarının sülhə, sabitliyə, islahatların avropasayağı yoluna sadiqliyinin konkret uğuru və nəticəsinə çevrilər».

Bazar ertəsi Gürcüstan və Kosovoyla bağlı məruzələr dinlənilib səsə qoyulsa da, Ukrayna üzrə səsvermənin sentyabrın sonu və ya oktyabrın əvvəli keçiriləcəyi gözlənilir.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin də bir müddət öncə demişdi ki, viza rejiminin liberallaşması proseduru bir neçə ay çəkəcək. (azadliq.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir