Türkiyə NATO-nun Avstriya ilə əməkdaşlığına veto qoyub. Bu yolla Ankara Avstriyanın alyansdakı ölkələrlə əməkdaşlığını bloklamağa çalışıb.
NATO da cavab tədbiri kimi, əməkdaşlıq proseduru ilə bağlı şərtləri dəyişmək və ikitərəfli tərəfdaşlığa icazə vermək qərarı alıb.
Alyans rəsmiləri bildiriblər ki, Türkiyənin vetosuna baxmayaraq, Avstriya ilə əməkdaşlıq davam edəcək.
Avstriya NATO üzvü olmasa da, alyansla əməkdaşlıq edir. Hazırda bu ölkənin 400-dən artıq hərbçisi NATO-nun tərkibində Kosovoda xidmətdədir.
Avstriya Türkiyənin veto qərarını sərt şəkildə tənqid edərək onu məsuliyyətsiz addım kimi qiymətləndirib.
“Türkiyənin məsuliyyətsiz davranışları bu ölkənin Avropa Birliyinin bir hissəsi olmaqdan çox uzaq olduğunu bir daha təsdiqləyir”, – deyə Avstriya müdafiə naziri Hans Piter Doskozila bildirib.
Qeyd edək ki, Ankaranın belə bir addım atması Avstriyanın Türkiyənin Avropa Birliyinə daxil olmasını əngəlləməsi ilə bağlıdır.