Martın 2-də Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş və ağır nəticələrə səbəb olmuş yanğın faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.
Hazırda iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumatda saxlanılanlar haqda açıqlama verilmir.