Avropa Məhkəməsi Azərbaycan hökumətinin şikayətini qəbul etməyib
Qurumun Böyük Palatası Rəsul Cəfərovla bağlı qərarı qüvvədə saxlayıb
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə qərara etiraz etmək istəyən Azərbaycan hökumətinin şikayətini qəbul etməkdən imtina edib.
Turan IA-nın məlumatına görə, Böyük Palatanın qərarı iyulun 5-də qurumun saytında dərc olunub.
Martın 17-də AİHM R.Cəfərovun Avropa İnsan Hüquqları Konvensiyasının 5.1, 5.3 və 5.4-cü (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu etiraf edib. Xüsusən, Strasburq Məhkəməsi Cəfərovun qanunsuz həbs edildiyini, səmərəli müddət ərzində məhkəmə təhqiqatı, məhkəmədən öncə azadlığa buraxılma və məhkəmənin qanuniliyi hüquqlarının pozulduğunu etiraf edib.
Məhkəmə həmçinin Cəfərovun 18-ci (hüquqların Konvensiyada nəzərdə tutulduğundan çox məhdudlaşdırılmasının yolverilməzliyi) maddəsi üzrə hüquqlarının pozulduğunu etiraf edib ki, bu da Cəfərovun işində siyasi motivlər olduğunun etiraf olunmasıdır.
AİHM Cəfərova 25 min avro ölçüsündə təzminat və məhkəmə xərclərinin ödənilməsi üçün 7448 avro ödənilməsi, Azərbaycan məhkəmələrinin qərarlarının ləğv edilməsi və Cəfərovun işinə yenidən baxılması haqqında qərar qəbul edib.
AİHM-nin qərarı elan edildiyi gün Cəfərov Azərbaycan hakimiyyəti tərəfindən əvf olunub.
Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi onu mənimsəmə, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərini aşma ittihamlarıyla 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Beynəlxalq təşkilatlar Cəfərovu “vicdan məhbusu” kimi tanıyıblar.