Onu təqib edənlər uşağının getdiyi baxçanın ətrafında da görünüblər
“Azadlıq” qəzetinin direktoru Faiq Əmirli deyir ki, şənbə günü ailəsi ilə ticarət mərkəzlərindən birində gəzinərkən 30-35 yaşlı naməlum şəxs tərəfindən izlənilib.
“Biz aşağı düşdükcə gördük ki, o da arxamızca izləməyə başlayıb. Biz bir etaj, iki etaj qalxdıq və gördük ki, o arxamızla gəlir. Aşağı düşdük, o yenə arxamızla gəlir”. Əmirli bunun “təxribat” olacağını ehtimal etdiyinə görə adama yaxınlaşmayıb.
Həmin şəxsi ilk dəfə gördüyünü deyən Faiq Əmirli vurğulayır ki, həyat yoldaşı həmin şəxsi övladını bağçaya aparanda müəssisənin ətrafında bir neçə dəfə görüb.
Onun sözlərinə görə, ticarət mərkəzindən çıxıb maşınla hərəkət edəndə onu içərisində iki nəfər olan qara rəngli “Hyundai Accent” markalı maşın izləyib.
“Mən bir iki manevr etdim, dar küçələrdən keçdim bilim ki, bu maşın doğrudan da məni izləyir ya yox. Gördüm ki, doğrudan da bu maşın məni izləyir”, qəzet direktoru maşının izini nəşriyyata çatanda itirdiyini əlavə edir.
Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəndən sonra Əmirli Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində yazılı izahat verib və ona hadisə ilə bağlı məlumat verəcəklərini bildiriblər.
“Hər şey bəllidir, məni izləyən maşın və nömrəsi, rəngi də bəllidir. İki gün keçməyinə baxmayaraq heç bir tədbir görülməyib”, deyə qəzet direktoru yenidən rəsmi müraciət etməyi planlaşdırır.
“Azadlıq” qəzetinin baş redaktor əvəzi Rahim Hacıyev əməkdaşlarının naməlum şəxslər tərəfindən izlənməsini “qəzetə təzyiq” kimi dəyərləndirir və hadisənin yalnız onun qəzetdəki fəaliyyəti ilə bağlı olduğunu düşünür.
“2006-cı ildən başlayaraq “Azadlıq” qəzetinə qarşı çox dəhşətli repressiyalar, çox dəhşətli təzyiqlər var. Son 10 il ərzində “Azadlıq” qəzetinə qarşı olanlar heç bir mətbuat orqanına qarşı olmayıb”, deyə qəzet nümayəndəsi bu günə qədər əməkdaşlarının başlarına gələn həbs, bıçaqlanma və döyülmə faktlarını sadlayaraq “Azadlıq” qəzeti üçün burda təəccüblü heç nə yoxdur” deyir.
Daxili İşlər Nazirliyinin sözçülərindən baş vermiş hadisə ilə bağlı hər hansı mövqe almaq mümkün olmayıb.
BBC Azərbaycanca