Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Pərvin İsmayılov: Azərbaycanda intiharın əsas səbəbi mövcüd rejimin yaratidiğı sosial-iqtisadi vəziyyətin ağırlığıdır.

“Media-fakt.info”-nın suallarını   ictimai-siyasi fəal Pərvin İsmayılov cavablandırır

Son illər Azərbaycanda intihar hallarının sayı artıb. Demək olar ki, qulağımız hər gün intihar sözlərini eşitməyə bir növ adət edib. Ona görə də əksəriyyətimiz bu xəbərləri yalnız bir anlıq təəccüblə qarşılayırıq. Amma çox zaman biz bu intiharların nə səbəbdən baş verdiyini bilmirik.

Araşdırmalar sübut edir ki, sosial problemlər, qayğılar və bu qayğılardan doğan stress halları sonucda intihara səbəb olur. Xüsusilə, indiki zamanda çoxlarının banklara kredit borcunun olduğunu, sosial problemlərdən əziyyət çəkdiyini nəzərə alsaq, intiharların səbəbləri barədə aydın təsəvvürlərimiz yarana bilər.

Ümumiyyətlə, intihar sosial hadisədir. Şəxsin özünü öldürməsi spesifik bir cinayətdir və sosial xarakter daşıyır. Bu şəxsin ağır psixoloji durumu nəticəsində baş verir. Şəxsin düşdüyü maddi və psixoloji vəziyyət və həyatında yaranan digər problemlər onun özünü öldürməyə gətirib çıxarər. Hər bir intihar hadisəsinin  köklərini araşdırmaq lazımdır.

Bir tərəfdə dəbdəbəli həyat tərzi sürən, heç bir maddi problemi olmayan, sosial qayğılardan əziyyət çəkməyən şəxslər nümunə kimi cəmiyyətə təqdim edilir. Telekanallarda onlar təbliğ edilirlər. Müğənnilər, dövlət məmurları, biznesmenlərin həyat tərzi ilə səravi vətəndaşların yaşamları arasında olan uyğunsuzluq, uçurum sonda ikincilərin dərin psixoloji sarsıntı keçirməsinə səbəb olur.  Bütün bunlar psixikaya təsir göstərir ki, sonucda da xoşagəlməz hallarla qarşılaşırıq. Bu gün Azərbaycanda çox təəssüf ki, insanların psixoloqlara müraciət etməsi təsadüfi hallarda baş verir. Qədimdə azərbaycanlılar icma şəklində yaşayan bir xalq olub. Hər hansı bir dərdi olan insan dərdlərini böyükləri ilə bölüşərdilər. Çox təəssüf ki, ölkəmizin Avropaya və dünyaya inteqrasiyasının mənfi təzahürləri bizim həyat tərzimizə təsir edir. Bunlardan biri də Azərbaycanda mövcud olan adət-ənənələrin, düşüncə tərzinin dəyişməsidir. İcma, ailə və böyük məsləhəti halında yaşam həyat tərzinin dəyişməsidir. Digər ölkələrdə insanların psixi durumunda ağır problemlər yarananda dərhal psixoloqa müraciət edirlər, dərdlərini söyləyirlər. Bu baxımdan bizdə psixoloji xidmətlər çox aşağı səviyyədə təşkil olunub.

Araşdırmalar göstərir ki, intihar hallarına müxtəlif yaşlarda olan insanlar arasında rast gəlinir. İntiharları sosial problemlərdən əziyyət çəkən insanların yaşadığı depressiyanın zirvəsi kimi də qiymətləndirmək olar. Uzun müddət tənhalığa, ümidsizliyə qapılan və ümidini nəyəsə bağlayan insanın gözləntiləri reallaşmadıqda, maddi durumu düzəlmədikdə, dövlət qurumları onların müraciətlərinə düzgün baxmadıqda çıxış yolu kimi intihara əl atır.

Müasir zamanda depressiya əsrimizin bəlalarından biri kimi qələmə verilir. Bizdə intiharın səbəbləri arasında sosial, işsizlik və sair problemlər xüsusi aktuallıq kəsb edir. Amma intihara gətirib çıxaran səbəblər arasında qeyri-sosial məsələlər də var.

Hökumət intihar hallarına qarşı samballı mübarizə aparmaq istəyirsə əhalinin sosial durumunun yaxşılaşması istiqamətində ciddi işlər görməli, yeni iş yerləri açmalıdır.  İş tapa bilməyən, aldığı maaş, pensiya aylıq xərclərini ödəməyən insanlara dövlət əlavə dəstək göstərməlidir. Əks təqdirdə biz gələcəkdə daha ciddi problemlərin şahidi olacağıq. Azərbaycanda intiharın əsas səbəbi mövcüd rejimin yaratidiğı sosial-iqtisadi vəziyyətin ağırlığıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir