- Homepage
- Bütün kateqoriyalar
- MAŞIN BAZARINI KİM YANDIRDI?-FOTOLAR
MAŞIN BAZARINI KİM YANDIRDI?-FOTOLAR
Ötən gün axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nda baş verən güclü yanğın nəticəsində sahibkarlara milyon manatlarla ziyan dəyib. 3 ticarət çərgəsinin iki sırasının yandığı bazarda 60 -dan çox mağaza külə dönüb.Virtualaz.org saytının hadisə yerində olan əməkdaşlarının məlumatına görə, hazırda bazar bağlıdır və içəridə Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu araşdırma aparır. Bazarın bütün girişlərində polis postu qurulub, nəinki jurnalistlər, heç sahibkarlara da içəri girməyə icazə verilmir.Maşın ehtiyatı hissələrinin satışı ilə məşğul olan Sabir İmanovun virtualaz.org-a bildirdiyinə görə, ona məxsus mağazada 300 min manatlıq mal yanıb:
“Mən 25 ildir bu bazarda işləyirəm, burada canımı qoymuşam. 300 min manatlıq malım yanıb. 3 satıcım var idi. Buranı qəsdən yandırıblar. Çünki bu bazarda işıq saat 19:00-da sönür. Yanğın da saat axşam saat 21-də baş verib. Ancaq qəsdən yandıra bilərlər. Çox güman ki, bazar adamları yandırıblar. Yiyəsiz bazardır, baxan yoxdur. Təsəvvür edin ki, burada su da yoxdur, nəzarət yoxdur, 1-2 narkomanı oturdublar, guya mühafizəçidir”.Mağaza sahiblərinin sözlərinə görə avtomobillərin ehtiyat hissələri bahalı, ən azı 50-100 manat olduğundan dəyən ziyan da böyükdür. Zərərçəkmiş Azər Qürbətov deyir ki, ona 250 min manatlıq ziyan dəyib və mağazadan “bir şrup da” çıxara bilməyib:“Su yox idi, gələn maşınlar susuz gəlmişdilər. Gözümüz görə-görə mağazamız yanıb qurtardı. Bir şrup da salamat qalmayıb, təmiz əriyib. Rusiya istehsalı olan maşınlarının ehtiyat hissələrini satırdım. Mənə 250 min manatlıq ziyan dəyib”.20 ildir burada mağaza işlədən Sultan Məmmədovun sözlərinə görə, elə ən az yanıb külə dönən maşın hissəsi onda olub. Burada milyonlarla manatlıq malı yanan sahiblkarlar var:
“Mağazamız külə dönüb. Axırıncı hesablamama görə 62 min manatlıq ziyan dəyib. Elə ən az ziyan bəlkə də mənə dəyib, adam var ki, milyon manatlıq malı kül olub. Buradan heç kim heç nə çıxara bilməyib. Yalnız 2 mağaza çıxara bilib ki, onlara da yanğın çatmamışdı. Yarım milyon, 1 milyon manatlıq malı yananlar var. Məsələn, Saşa, İsa kişi, Sakit, Həmid dayıda bəlkə 1 milyonluq mal yanıb”Sahibkar deyir ki, hələ nə yanğının səbəbləri, nə sonrakı aqibtlərinin necə olacağı haqda heç nə bilmirlər. Kompensasiya-filan söhbəti də yoxdur. “Bizi heç bazar rəhbərliyinin qəbuluna buraxmırlar. Heç kimin sığortası yoxdur. Bazara sığortanı buraxmayıblar ki, bura standartlara uyğun deyil. Amma vergi alırlar, hər ay vergini ödəyirik. VÖEN-lə işləyirik. Hər ay 60 manata yaxın mühafizə pulu veririk. Buranın mühafizəçisi hara baxıb, müdiriyyəti hara baxıb? İşığı niyə söndürməyiblər?”, – deyə sahibkar bildirib.
Sahibkarlar həm də hadisə yerinə gələn yanğınsöndürən maşınların susuz olduğunu deyirlər. Onların sözlərinə görə, müəssisə yanır, maşınlar isə 200 litr su vurular və su qurtarır. Bazarda satılan məhsullar kimyəvi maddələr, yağlar, antifilizlər olduğuna görə, söndürmək üçün köpük, od əleyhinə vasitələr lazım idi ki, onlar da olmayıb.Sahibkarlar onu da bildirdilər ki, buradan ən azı 300-ə yaxın ailə dolanışığını təmin edirdi.Ərazidə araşdırma aparan FHN-in istintaq-təhqiqat qrupundan da əlavə məlumat öyrənə bilmədik. Qrup rəhbərinin sözlərinə görə, ehtimallar var ki, hadisəyə səbəb qısaqapanma olub:
“Müayinə aparılır. Yəqin ki, elektrik naqillərində qısa qapanma olub. 60-dan çox mağaza yanıb. Yanan sahə təxminən 1000 kvadrat metr ərazidir”.