Milli Şura Qənimət Zahidin qohumlarının həbsiylə bağlı bəyanat verdi
“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin qohumlarının şərlənərək həbs edilməsinə etiraz olaraq Milli Şura bəyanat yayıb.
Bəyanatda deyilir ki, hakimiyyət vicdanlı insanları şərləmək siyasətindən əl çəkmir, tənqidçilərinə qarşı ən iyrənc metodlarla mübarizə aparır və ictimai-siyasi fəalları yaxınları ilə şantaj etmək ənənəsi yaradıb.
“Qənimət Zahidin prinsipial və ardıcıl fəaliyyəti, ölkədəki korrupsiya faktlarını üzə çıxarması, hökumətin əsl mahiyyətini cəmiyyətə təqdim etməsi rejimi ciddi narahat etdi və ondan qisas alamğa çalışdılar. Qənimət Zahidin fəaliyyətinə görə günahsız, siyasi proseslərdən kənar olan qohumlarının narkotika ittihamı ilə həbs edilməsi, hakimiyyətin siyasi əxlaqdan kənar olduğunu, qanunları tapdaq etdiyini və mənəvi deqradasiyaya məruz qaldığını göstərir. Təbii ki, Qənimət Zahid mübarizə yolunu seçəndə bütün məhrumiyyətləri, təzyiqləri gözə alıb və qarşısındakı rəqibin kimiyini dərk edib. Bu mənada qohumlarının şərlənərək həbs olunması Qənimət bəyi daha ardıcıl olmağa və hökumətin ifşasını daha da sürətləndirməyə sövq edəcək”-deyə bəyanatda bildirilir.