New York Mellon Bankı” (BK.N) Qazaxıstan Milli Fonduna məxsus 22,6 milyard dollarlıq sərvəti dondurub. “Reuters” agentliyinin məlumatına görə, bu addım hökumətlə moldovalı investorun məhkəmə çəkişməsi nəticəsində atılıb. Moldovadan olan Anatoli Stati və onun şirkətləri Qazaxıstan hökumətinə qarşı bundan öncə də zərərlə bağlı iddiaları udublar. Artıq neft gəlirlərindən formalaşan fondun 40 faizədək hissəsi dondurulub.
Sərvətin dondurulması oktyabrda baş verib, “Reuters” bunu dekabrın 21-də yazıb, elə həmin gün Britaniya məhkəməsində də açıqlanıb. “Misli görünməmiş hadisədir. Suveren fondun 40 faizi dondurulursa və buna çıxışınız yoxsa, bu, siyasətçilər üçün həyəcan zəngi olmalıdır”, – Londonda yerləşən Legal & General Investment Management şirkətindən Simon Quijano-Evans deyib.
Bu xəbərdən sonra Qazaxıstanın dollar istiqrazları ucuzlaşıb, milli valyutası olan tenge KZT= isə 0,6 faiz möhkəmlənib.
“Nəzəri baxımdan, bu fond dövlət institutudur və mərkəzi banklar və suveren sərvət fondları bu barədə yenidən düşünməlidirlər, çünki indiyədək bu sərvətlərin nisbətən toxunulmaz olduğu bildirilirdi”, – Quijano-Evans deyib.
İllərdir biznesmen Stati, oğlu Gabriel, ailəsinin nəzarət etdiyi iki şirkətlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökuməti arasında məhkəmə çəkişməsi gedir. Onlar Qazaxıstanın neft-qaz sənayesinə sərmayə qoyublar, sonradan iddia etdiklərinə görə, sərmayəni ucuz satmaqdan ötrü hökumət onlara ciddi təzyiq göstərib.
Qazaxıstan iddiaları rədd edir. Amma Anatolie və Gabriel Stati, Ascom Group S.A. və Terra Raf Trans Traiding Ltd. şirkətləri ilə birlikdə hökumətə qarşı beynəlxalq məhkəmədə 500 milyon dollarlıq iddianı udub. Hökumət bu məbləği ödəməkdən imtina edib və oktyabrda Vaşinqtondakı ABŞ Dairə Məhkəməsində Status və iki şirkətinə qarşı iddia qaldırıb.Qazaxıstan Milli Bankı da sərvətin dondurulmasına qarşı BNY Mellon-a qarşı iddia qaldırıb. Amma Londonda məhkəmə dekabrın 21-də bu iddianı rədd edib. “New York Mellon” Bankının sözçüsü şərh verməyib. Qazaxıstan Ədliyyə Nazirliyindən də münasibət almaq mümkün olmayıb.
Bir neçə həftə öncə Prezidenti Nazarbayev hökumətdən tələb edib ki, böyük dövlət şirkətlərinin xaricdə saxladığı nağd pulu ölkəyə gətirmələrinə nail olsun, əks halda, hökuməti buraxacaq. Nazarbayev özəl sektorun aparıcı fiqurlarının sərvətlərini xarici hesablarda saxladığını, özlərinin dəbdəbəli həyat sürdüklərini deyib.