Tofiq Zeynalov Tovuz rayonunda sahibkarlara zülm edir
Bu yaxınlarda Tovuz rayonundan olan sahibkar –Əsrik dərəsində yerləşən “Yurd Yeri” Ailəvi İstirahət Mərkəzinin və bir neçə digər kafe-restoranın sahibi Niyaz Məmmədov mətbuata üz tutaraq ümidsiz olduğunu,lakin sonadək mübarizə aparacağını bildirmişdir. N.Məmmədov baş verənləri aşağıdakı şəkildə bildirir: “Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov hakimiyyətin daha yuxarı orqanlarında olan qohumlarının köməkliyilə rayonda qanunsuz əməllərlə məşğul olmaqla yanaşı sahibkarlara da bütün vasitələrdən istifadə edərək mane olur. Mən 10 ildən artıq qanuni işləyən və ata-babadan mənə miras qalmış Əsrik dərəsi deyilən yerdə (Tovuz-Böyük Qışlaq yolunun 21-ci km-i) fəaliyyət göstərən “Yurd yeri” İstirahət Mərkəzinin sahibi kimi başçının təzyiq və təhditlərindən fiziki həyatıma da təhlükə hiss edirəm. Çünki, sahibi olduğum obyekt onun biznes qurmaq isədiyi ərazidə yerləşdiyindən bütün vasitələrlə həmin restoran-istirahət mərkəzini mənim əlimdən almaq istəyir. Rayonun ən gözəl yerlərində saysız-hesabsız obyektləri olmasına baxmayaraq T.Zeynalov hər şeyin onunku olmasını istəyir”.
N.Məmmədov öz məktubunda T.Zeynalovun hərbi-hissənin yolunu kəsdiyini və hərbi hissyə əlçatanlığın 3km-dən 17km-dək uzandığını bildirir. Müraciətdə göstərilir ki, “Yurd yeri” İstirahət Mərkəzini ələ keçirmək üçün dəfələrlə T.Zeynalov ona obyekti satmaq haqqında müxtəlif adamlardan sifariş göndərmiş və imtina aldıqdan sonra vəzifədə işləyən yaxın qohumlarının vasitəsilə onu təhdit etmiş, eyni zamanda həmin obyektin yolunu və bulağını bərbad hala salmışdır.
Məktubda qeyd olunur ki, T.Zeynalovun sürücüsü, birinci müavin, baş mühasib və digərləri rayonda reketlik fəaliyyətilə ad çıxarmış qrupları göndərərək “Yurd yeri” İstirahət Mərkəzinin fəaliyyətini pozurlar, eyni zamanda buraya dincəlməyə gələnlərin siyahısını Tofiq Zeynalova ötürürlər. Çünki, yaxınlıqda yeni tikilmiş Tofiq Zeynalovun “Turizm” İstirahət Mərkəzi adlı obyekti var və müştərilərin hamısının oraya cəlb edilməsi məqsədli və məcburi surətdə təşkil olunur. Bunun arxasında isə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, T.Zeynalovun qardaşı general mayor Ramiz Zeynalovun dayandığını bildirən sahibkar bu səbəbdən şikayətinə reaksiya verilmədiyini bildirir.
N.Məmmədov şikayətlərinin heç bir yerə çatmadığını bildirir və ümid edir ki, mətbuat bu haqlı mübarizəsində ona yardımçı olacaq. Buna görə də hüquq müdafiəçilərinə və mətbuata müraciət edərək bu işin ictimailəşdirilməsini xahiş edir. Çünki, N.Məmmədov dəfələrlə Azərbaycan Respublikasının Mərkəzi orqanlarına – Prezident Aparatına, müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə şikayət etdiyini bildirsə də həlli istiqamətində heç bir iş görülmədiyini bildirir və sonda qeyd edir ki, hakimiyyətdə təmsil olunan Zeynalovların qohum-tayfa birliyinə bir sahibkarın gücünün çatması Azərbaycan reallığında qeyri-mümkündür.