ABŞ prezidenti Donald Tramp Yerusəlimin (Qüdsün) İsrailin paytaxtı kimi tanındığını rəsmi şəkildə elan edib.
Trampın bu bəyanatı İsrailin alqışını qazansa da, dünyanın başqa yerlərində kəskin pislənib.
Tramp, dekabrın 6-da etdiyi çıxışda həm də bəyan edib ki, Dövlət Departamentinə ABŞ səfirliyinin Təl-Əvivdən mübahisəli Yerusəlim şəhərinə köçürülməsi hazırlığına başlamaq göstərişi verib. Ekspertlər bu prosesə 4 ilədək vaxt lazım gələcəyini deyirlər.
Tramp çıxışında deyib: “Mən qət etmişəm ki, Yerusəlimi rəsmən İsrailin paytaxtı kimi tanımağın vaxtı çatıb. Bu gün biz onsuz da aşkar olan bir şeyi təsdiq edirik: Yerusəlim İsrailin paytaxtıdır. İsrail də bütün suveren ölkələr kimi öz paytaxtının harada olmasını müəyyən etmək haqqına malikdir”.
Beləliklə, Tramp Birləşmiş Ştatların onilliklərdən bəri davam edən siyasi xəttini dəyişib.
Bu siyasətə görə, şəhərin statusu Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı hesab edən fələstinlilərlə danışıqlarda “iki dövlət” formulu üzrə müəyyən olunmalı idi.
Tramp deyib ki, o, hələ də həm israillilər, həm də fələstinlilər üçün məqbul sayılacaq sülh sazişinin əldə edilməsi üçün qüvvəsində olan hər bir şeyi etmək niyyətindədir.
Əksər ölkələr İsrailin bütün Yerusəlim üzərində suverenliyini tanımır. Bu şəhərdə müsəlmanlar, yəhudilər və xristianlar tərəfindən sitayiş edilən çox sayda müqəddəs məkanlar var.
İsrailin baş naziri Benyamin Netanyahu Trampın qərarını “tarixi” adlandırıb və başqa ölkələri də ABŞ-dan nümunə götürərək səfirliklərini Yerusəlimə köçürməyə çağırıb.
Lakin fələstinlilər və ərəb liderlər, habelə ABŞ-ın əsas müttəfiqləri bu hərəkətin bütün Yaxın Şərq boyunca zorakılıqları tətikləyəcəyi və sülh prosesini mürəkkəbləşdirəcəyi barədə xəbərdarlıq ediblər.
Fələstin Azadlıq Hərəkatının baş katibi Saeb Erekat deyib ki, Trampın qərarı “iki dövlət həllini məhv edib” və ABŞ prezidenti öz ölkəsinin “sülh prosesindəki hər hansı gələcək rolunu” heçə endirib.
Erekat sual edib ki, o, baş Fəlsətin danışıqçısı kimi, “Yerusəlimi İsrailin paytaxtı kimi tanıyan adamlarla” nə söhbət edə bilər?
Fələstinin islamçı “Həmas” qruplaşması ərəbləri və müsəlmanları regionda Birləşmiş Ştatlara qarşı çıxmağa çağırıb və bildirib ki, Trampın hərəkəti bütün Fələstin xalqına qarşı “açıq” təcavüzdür.
Fransa prezidenti Emmanuel Makron Əlcəzairə səfərdəikən deyib ki, Trampın addımı “təəssüf” doğurur və onun ölkəsi bu təşəbbüsü dəstəkləməyəcək.
Makron əlavə edib ki, Yerusəlimin yekun statusu israillilər və fələstinlilər tərəfindən müəyyən edilməlidir.
O, bütün tərəfləri təmkinə çağırıb və deyib ki, zorakılıqdan “nəyin bahasına olursa olsun” çəkinmək lazımdır.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres də deyib ki, Yerusəlimin gələcyi İsrail-Fəlsətin danışıqlarında müəyyən edilməlidir və “iki dövlət” formuluna heç bir alternativ və ya “B planı” yoxdur.
Trampın bu bəyanatından əvvəl Britaniya baş naziri Tereza Mey parlamentdə demişdi ki, “bizim mövqeyimiz dəyişməyib”.
O da vurğulayıb ki, qədim şəhərin statusu fələstinlilərlə israillilər arasında danışıqlarda həll olunmalıdır.
Mey qeyd edib ki, Yerusəlim son nəticədə İsrail və Fələstin dövlətləri arasında şərikli paytaxt olmalıdır.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın qərarını qətiyyətlə pisləyib.
Özünün Tvitter postunda Pakistanın xarici işlər naziri Xacə Asif yazıb ki, ABŞ-ın hərəkəti “iki dövlət formulu üzrə sülh planlarını məhv edib”.
Misir və İordaniya Trampı beynəlxalq qanunları pozmaqda ittiham edib.
Türkiyə Xarici İşlər Nazirliyi Vaşinqtonun addımını “məsuliyyətsiz” adlandırıb.
“Reuters” xəbər verir ki, ABŞ-ın İstanbuldakı konsulluğu qarşısında bir neçə yüz etirazçı toplaşıb.
Trampın bəyanatından az əvvəl ABŞ Dövlət Departamenti bütün diplomatik missiyalarına İsrail, Yerusəlim və Qərb sahilinə qeyri-zəruri səfərləri ləğv etmək göstərişi verib.