Avropa İttifaqı Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələri üçün mərkəzi yer tutduğunu dərk edir. Bu barədə bu gün Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitinin açılış mərasimində Almaniya kansleri Angela Merkel bildirib.
Eyni zamanda, o, “Şərq Tərəfdaşlığı” proqramının Aİ-nin özü üçün böyük əhəmiyyətini qeyd edib.
“Bir tərəfdən söhbət insanların həyatının yaxşılaşmasından və demokratiyanın inkişafından gedir, digər tərəfdən isə bu, təhlükəsizlik məsələsinə də aiddir. Şadam ki, Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya Sazişi imzalamışıq.
İndi isə biz Ermənistan və Azərbaycanla, Assosiasiya Sazişi qədər fəal olmasa da, Tərəfdaşlıq Sazişi imzalayacağıq”, deyə Merkel bildirib.
Daha sonra o əlavə edib ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin Rusiya ilə münasibətləri onlar üçün mərkəzi rol oynayır. “Buna görə, ümid edirəm ki, bu gün biz bu ölkələrdə daxili siyasi vəziyyətin necə olduğunu başa düşəcəyik”, deyə o bildirib.
Sammit başa çatdıqdan sonra Ermənistan və Avropa İttifaqı arasında geniş tərəfdaşlıq haqqında saziş imzalanacağı gözlənilir.
Hələlik Azərbaycanla analoji sazişin imzalanması nəzərdə tutulmur.
* Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı keçmiş SSRİ ölkəsi – Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belarusla inteqrasiya əlaqələrinin inkişafı məqsədi daşıyan layihəsidir.
Layihənin ideyası 2008-ci il mayın 26-da Aİ-nin ümumi məsələlər və xarici əlaqələr Şurasında İsveçin iştirakı ilə Polşanın xarici işlər naziri Radoslav Sikorski tərəfindən təqdim edilmişdi.
Tərəfdaş ölkələrdə islahatların əsas prioritetləri kimi aşağıdakı sahələr göstərilmişdi:
* demokratiya, idarəetmə sisteminin yaxşılaşdırılması və sabitliyin təmin edilməsi;
* iqtisadi inteqrasiya və Aİ-nin müəyyən sahələrə aid iqtisadi siyasəti ilə konvergensiya, o cümlədən azad ticarət zonalarının yaradılması;
* energetika təhlükəsizliyi;
* insanlar arasında əlaqələrin inkişafı (viza rejiminin liberallaşdırılması və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi).
Yeni təşəbbüs həmçinin gələcəkdə Aİ və tərəfdaş ölkələrlə onların Avropanın sosial-iqtisadi və siyasi məkanına inteqrasiyası yolunda mühüm addım olacaq ikitərəfli assosiasiya sazişlərinin imzalanmasını nəzərdə tuturdu.