Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Həbsdəki jurnalist Almaniyaya sorğu göndərilməsini istəyir

«Kanal 13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses yekunlaşır. Artıq məhkəmə istintaqı başa çatıb.

Noyabrın 24-də keçirilən məhkəmədə jurnalistin vəkilləri bir neçə vəsatət qaldırıblar. Məsələn, müdafiəçi Cavad Cavadov hakimlərdən qanunun şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etmələrini istəyib:

«Cinayət Məcəlləsinin 192.1 maddəsində «dövlət qeydiyyatına alınmadan» ifadəsindən sonra mötərizədə «vergi uçotuna alınmadan» ifadəsi yazılıb. Yəni konkretləşdirilib ki, hansı fəaliyyət qanunsuz sahibkarlıq hesab olunur. Amma istintaq orqanı götürüb qrant vəsaitləri üzrə əməliyyatları qanunsuz sahibkarlıq kimi qələmə verib. Xahiş edirik, Konstitusiya Məhkəməsi qanunun bu maddəsini şərh eləsin».

Daha bir vəsatət təqsirləndirilən jurnalistin qardaşı Anar Orucovun dindirilməsi haqda olub. Vəkil deyir ki, istintaq orqanı heç bir sübut-dəlilə istinad etmədən Ə.Orucovu «Qafqaz Media Tədqiqatlar Mərkəzi» İctimai Birliyinin faktiki rəhbəri kimi təqdim edib, həmin təşkilata ayrılan qrantlara görə ona ittiham verib. Əslində isə təşkilatın rəhbəri onun qardaşı A.Orucovdur.

«Cinayət işinin materiallarından da, məhkəmədə dindirilən şahid ifadələrindən də görünür ki, Əziz Orucovun bu təşkilata heç bir aidiyyəti yoxdur. Təşkilatın həm hüquqi, həm də faktiki rəhbəri Anar Orucov olub. O, bir neçə ildir ki, Almaniyada yaşayır. Xahiş edirik, ya internet vasitəsilə videogörüntü ilə dindirilsin, ya da onun dindirilməsi üçün Almaniyanın məhkəmə orqanlarına müraciət olunsun», – vəkil C.Cavadov vəsatətini əsaslandırıb.

O biri vəkil Əlibaba Rzayev isə Ə.Orucovun işi üzrə yoxlama aktını imzalayan şəxslərin və rəy vermiş ekspertin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb.

«Prokurorluq iddia edir ki, qrant müqaviləsi qeydə alınmayıbsa, qrant sayılmır. Yaxud həmin qrant vəsaitləri üzrə əməliyyatları qanunsuz sahibkarlıq kimi qələmə verir. Heç nəyə də əsaslanmır, qanuna istinad eləmir. Ekspert yoxlama aktında yazılanları rəyə köçürüb imzalayıb. Ona görə bu adamların dindirilməsi vacibdir», – müdafiəçi bildirib.

Jurnalist vəkillərinin vəsatətlərini müdafiə edib.

Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası isə onların heç birini təmin etməyib.

Məhkəmə dekabrın 5-də davam edəcək. Həmin gün prokurorun çıxışı gözlənilir.(azadliq.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir