Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

AŞPA Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edəcək.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edəcək. Bu haqda AŞ-nın məlumatında bildirilir.

Məlumata görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) büro iclasında siyasi məhbus məsələsi üzrə Azərbaycana məruzəçi təyin edilməsi ilə bağlı təşəbbüs müzakirə edilib.

Büro məruzəçinin təyin edilməsinə qərar verib.

Məruzəçinin təyinatının AŞPA-nın yay sessiyasında gerçəkləşəcəyi bildirilir.

2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər.

Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını rədd edib.

Onlar AŞPA-nın Müstəqil Araşdırmalar Qrupunun bu yaxınlarda yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirdilər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildiriblər ki, Azərbaycanda siyasi məhbus problemi realdır.

“Buna görə də, Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni bir hesabatın yazılması uygundur”, müraciətdə bildirilirdi.

AŞPA Bürosu həmin təşəbbüsü qəbul edib.

Avropa Şurası 2 ay əvvəl korrupsiya iddiaları ilə bağlı 10 aydan artıq davam edən istintaqın nəticələrini açıqlamışdı. Həmin vaxt açıqlanan hesabatda bildirilirdi ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.

Aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunurdu ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.

“Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanırdı.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov isə bu qətnamələri rədd edib, “Azərbaycana qarşı nifrət kampaniyası”nın hədəfinin Bakıyla Avropa Şurası arasında “uçurum” yaratmaq olduğunu deyib.

Sonradan onun özünə 2 illik sanksiya qoyulub. Həmin müddətdə o AŞPA-da yüksək vəzifə tuta və məruzəçi kimi faliyyət göstərə bilməz.

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycanda 140 civarında siyasi məhbusun olduğunu bildirirlər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir