Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

İlham Əliyev generalı nazir müavini təyin etdi – sərəncam

Ədliyyə nazirinin müavinlərinin sayı artırılıb. Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

“Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanına edilən dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin Strukturunun 1-ci hissəsinə “Nazir müavini” beşinci bənd əlavə edilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin olunub.

M. Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə[1], 25 iyun 2013-cü ildə “Vətən uğrunda” medalı ilə[2], 24 iyun 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni[3] ilə təltif olunub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı Adil Əliyev Məhərrəm Əliyevin qardaşıdır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir