Amma son zamanlar dünyada elə dolaşıq və qarmaqarışıq proseslər baş verir ki, onların zahiri düzümü adamı lap əməlli–başlı çaş –baş salır. Bu mənada ön sırada heç sözsüz, dünyada baş verən terror hadisələri, eləcə də Yaxın Şərqdə cərəyan edən olaylar gəlir.
İlk baxışda aldadıcı və “maraqlı” mənzərə cızılır. Bəli, ABŞ prezidenti Filippin prezidentilə görüşmək istəyir. Amma sonuncu bundan imtina edir və Rusiyaya V.Putinlə görüşə yollanır. Elə səfər zamanı xəbər gəlir ki, Filippində İŞİD bir şəhəri ələ keçiribdir…
Və yaxud da Qətər diplomatik izolyasiyaya məruz qalır. Səbəbini də bu ölkənin İranla əlaqə saxlaması ilə izah edirlər. İrana qarşı iradlar isə onun siyasi sistemi, nüvə silahı əldə etmək sahəsindəki çabaları və bir də terrorist təşkilatlara, o cümlədən də guya İŞİD-ə siyasi və maddi dəstək verməsilə bağlanır.
Amma Qətər ətrafındakı həlqənin daralmasından heç bir həftə də keçmir ki, İŞİD İranda böyük terror aktları törədir…
Beləcə, çox dolaşıq və hətta başgicəlləndirici bir mənzərə yaranır və “İran İŞİD-ə dəstək verirsə, onda bəs sonuncu niyə bu ölkədə terror aktı həyata keçirir?” kimi suallar adama rahatlıq vermir…
İran da öz növbəsində sakit durmur, o da bütün terror təşkilatlarının guya ABŞ-dan dəstək aldığını iddia edir. İranda baş verən terror aktları ilə bağlı başsağlığı verən elə ABŞ prezidenti də borclu qalmır və bu ölkədəki terror aktlarından məyus olduğunu bildirməklə yanaşı həm də onun terrora dəstək verdiyinə də işarə edir. Beləcə, beynəlxalq terrorun mənbəyi və mənşəyi sanki bir top olub, bu, onun üstünə atır, o, bunun…
Burada yalnız onu demək mümkündür ki, İranın İŞİD-ə dəstək verməsi bizə bir o qədər də inandırıcı görünmür, çünki Səudiyyə Ərəbistanından və eləcə də digər ərəb ölkələrindən fərqli olaraq İran həmişə B.Əsədə dəstək verdiyini və Suriyadakı rəsmi rejimi müdafiə etdiyini bildiribdir.
İranın da ABŞ-a yönəlik ittihamları inandırıcı səslənmir. Əvvəldə dedik ki, Tramp İrana başsağlığı göndəribdir. Bəs onda nə baş verir? Bütün bu olayları necə, nə cür anlamalı? Necə deyər, kimin əli kimin cibindədir?..
İŞİD DİQQƏTİ YAYINDIRMAQ İSTƏYİR?
Bizə elə gəlir ki, məsələnin kökləri başqa səmtdədir. Birincisi, belə məlum olur ki, İŞİD artıq sırf terrorçu bir strukturdan ideoloji bir vahidə də çevrilibdir. Belə bir nəticəyə gəlmək olur ki, onun artıq çox ölkələrdə ardıcılları və təəssübkeşləri vardır.
İkincisi, İŞİD-in isterik əməliyyatları, gah bu, gah da başqa ölkədə terror törətməsi, onun düşdüyü vəziyyətə bir növ “əsəbi” reaksiyasıdır.
Daha çox yerdə vahimə və qorxu yaratmaq, ölkələri və onların təhlükəsizlik strukturlarını təşvişə salmaq, onları çaş–baş etmək, diqqəti İŞİD-in indiki əsas dislokasiya mərkəzlərindən uzaqlaşdırmaq – güman ki, terrorçuların məqsədi budur…
ARTIQ İŞİD-İN SƏSİ LAP YAXINDAN GƏLİR…
Bizə gəldikdə isə burada iki detalı xüsusilə qeyd etmək lazımdır. İŞİD-in sədası artıq lap yaxından – İrandan gəlir. Bu isə o deməkdir ki, maksimum dərəcədə ehtiyatlı olmalı, sayıqlığımızı artırmalıyıq. Amma bu da məsələnin yalnız bir tərəfidir.
Digər bir məqam isə hipotetik “ərəb NATO-su” ilə bağlıdır. Əslində bu gün Qətər ətrafında baş verən proseslər ərəb ölkələrinin hipotetik “hərbi alyans”ının konturlarını göstərir.
Güman etmirik ki, bu hipotetik hərbi və geosiyasi “alyans” Azərbaycan üçün cəlbedici olsun, çünki rəsmi Bakı tək Ermənistandan savayı heç bir qonşusuna qarşı hərbi-siyasi alyanslara və formullara qatılmır.
Əslində Türkiyə, Azərbaycan və Gürcüstan arasında getdikcə artan hərbi əməkdaşlıq yetərlidir. Həm də Azərbaycanın İranla yalnız ticari – iqtisadi əlaqələri var ki, onlar da Bakıya qarşı iradlar izhar etmək üçün əsaslı görünmür.
Qərəz, prezident D.Trampın bir-iki həftə öncə Səudiyyə Ərəbistanında “ABŞ daha heç bir müsəlman ölkəsinin daxili işlərinə qarışmayacaqdır!” deməsi çox yerdə siyasi eyforiya yaratsa da, həqiqət olmadı – heç həftə də keçmədi ki, Qətər biri-birinə qarışdı…
HEÇ BİR HƏFTƏ KEÇMƏDİ Kİ…
İndi bütün bunların necə tamamlanacağını irəlicədən demək olduqca çətindir. Ən azı ona görə ki, elə Trampın özünün də vəziyyəti qarışıqdır, ABŞ-da “impiçment” sözü getdikcə daha ciddi səslənməyə başlayır. Bu yaxınlarda belə xəbərlər yayıldı ki, təhlükəsizlik strukturları Rusiyanın son seçkilrə müdaxiləsini təsdiq edir. Amma bu da hamısı deyildir, daha bir məsələ də vardır– amerikalılar D.Trampı həm də hüquqi təhqiqatların aparılmasına mane olmaqda ittiham edirlər. Bu isə ABŞ-da çox ciddi bir ittiham hesab edilir…
Ən maraqlısı odur ki, hətta ABŞ-ın özündə də Qətər böhranına baxışlar fərqlidir, prezident bir söz deyir, dövlət katibi başqa…
Üstəlik, bu konteksdə ABŞ-ın bölgədə ən yaxın müttəfiqlərindən olan Türkiyənin də mövqeyi çox maraq kəsb edir. R.T.Ərdoğan xarici siyasət vektorunun istiqamətini yenidən dəyişmək əzmindədir.
Doğrusu, onun siyasi “ziqzaqlar”ından tamam bezmişik. Sanki Ərdoğanın rəbərliyilə Türkiyə BMT-nin funksiyalarını yerinə yetirir və dünayada hüquq, haqq-ədalət uğrunda çarpışır. Halbuki BMT özünü heç belə əziyyətə salmır.
Əgər R.T.Ərdoğana bu səylərinə görə nə vaxtsa Nobel mükafatı versəydilər, bunu təqdir etmək olardı. Amma bu, yoxdur və olmayacaq da. Sanki Türkiyə son vaxtlarda irili-xırdalı şeytanlarla ittifaqa girir və az çəkmir ki, nə qədər səhv etdiyini anlayır və vay – şivən qoparır…
Bir müddətdi ki, Türkiyə xarici siyasətinin ağırlıq mərkəzini ərəb ölklərinə, xüsusən də Səudiyyəyə köçürmək istəyirdi. Bəziləri hətta “O, Osmanlınının nüfuzunu bərpa edəcək!” deyirdilər. Amma heç nə olmadı və aydınlaşdı ki, birinsici, ərəb ölkələri “geosiyasi patron”larını dəyişmək niyyətində deyil, ikincisi də ki, onların, xüsusən də Səudiyyə Ərəbistanının iddiaları heç Türkiyəninkindən az deyildir.
Bəlkə də bizi bu məsələ bir o qədər rahatsız etməzdi, amma bir sual heç dinclik vermir: “Vacibdirmi ki, Türkiyə bütün məsələlərə ağrılı reaksiya versin? Heç olmasa, bircə dəfə neytral qalmaq olmazdımı?”…
HƏR ABŞ PREZİDENTİ BİR MÜSƏLMAN DÖVLƏTİNİ…
Bir sözlə, qaynayan tək Qətər deyildir. Dünya bir qarışıqlıq və məchulluq içindədir. Bu qarışıqlıq ya yeni siyasi və geosiyasi arxitektura yaratmalı və daha bir keyfiyyət sıçrayışı etməlidir, ya da ki, mövcud böhranı daha da dərinləşdirməlidir. Görək, indi hansı olacaq…
Burada diqqət çəkən daha bir məqam nədir? Kiçik Buşun vaxtında İraq bir dövlət kimi iflic edildi. Obamanın vaxtında Suriya və Liviya bu aqibəti yaşadılar. İndi Trampın növbəsidir və o da Qətəri hədəfə alıbdır. Belə getsə, yəni hər bir ABŞ prezidenti bir müsəlman ölkəsinin axırına çıxsa, bu hesabla bir neçə on ildən sonra daha müsəlman ölkəsi qalmayacaq. Nəzərə alsaq ki, illər Qərb ölkələri üçün tərəqqi, müsəlman ölkələri üçün, əksinə tənəzzül və gerilik gətirir, ümidlər bir az da azalır…
Nə etmək olar? Bir tərəfdən müsəlman ölkələrinin inadcıl despotları, digər tərəfdən də əbədi yuxuya dalmış islam ümməti– bütün bunlar, həm də bir çox başqa səbəblər bir az əvvəldə qeyd etdiyimiz kimi, vəziyyətin getdikcə qəlizləşəcəyini müjdələyir.
Ona görə də gəlin, başımızı qoyub yataq. Onsuz da bizdən heç nə asılı deyil. Bizim o kəslərimizdən ki, onlardan nəsə asılı ola bilər, onlar özləri də həmişə başqalarından asılı olub, “Əl mənim, ətək sənin!” deyib bərk yapışıblar başqalarının ətəyindən ki, icazə ver, millətimi “bildiyim” kimi idarə edim…