Jurnalist Əfqan Muxtarlının və AXCP sədr müavini Gözəl Bayramlının işləri üzrə məhkəmə iclasları noyabrın 30-na təyin edilib.
Muxtarlının işi üzrə proses noyabrın 30-da saat 10:30-da Balakən rayon məhkəməsində keçiriləcək.
Elə həmin gün saat 15:00-da Qazax rayon məhkəməsində Bayramlının işi üzrə hazırlıq iclası keçiriləcək.
Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalist özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək), 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.
Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. Hüquq müdafiə təşkilatları Bayramlını siyasi məhbus kimi tanıyıb.