Seyruz Məmməd: Siyasi məhbus siyahısı çoxaldıqca vəziyyətin daha da gərginləşdiyi bəlli olur.
“Hakimiyyət daha çox sınaq maşasına bənzəyir. Ağıla gələn, gəlməyən nə təqibetmə metodu varsa hamısından istifadə edir. Azərbaycan hakimiyyəti təqib və təzyiq etmədə dünyada birinci yerdədir desəm, yəqin ki, səhv etmərəm”. Bu sözləri ictimai-siyasi fəal Seyruz Məmməd hakimiyyət nümayəndələrinin özbaşınalığından və özünün təqib olunmasında danışarkən bildirib.
Seyruz Məmmədin sözlərinə görə, 2013-cü ilin aprel ayından müxtəlif təqiblərlə üzləşir: “Hakimiyyətin mahiyyəti bu cür faktlardan ibarətdir. Vətəndaşı ən müxtəlif yollarla təqib eləsin, bacardığı qədər qorxutsun və təzyiq altında saxlasın. Bunun əsas səbəbi budur ki, hakimiyyət bu yolla ömrünü uzatmağa çalışır. Lakin zülm və haqsızlıqla çox yaşamaq olmaz, məntiqini deyəsən hələ başa düşmək istəmir. Dünyada baş verənlərdən ibrət götürmək əvəzinə zor dili ilə danışmaq sonu yaxınlaşdıran amildir. Ərəb ölkələrində baş verənlər, Ukraynadakı hadisələr ən yaxşı nümunədir. Ukrayna prezidentinin və onun nazirlərinin təmtəraqlı həyat tərzi, topladıqları var-dövlət, sahib olduqları sərvətlər dünyaya nümayiş etdirilir. Bu iyrənc faktlar cəmiyyətin əvvəlcə əlbəttə ki, maraq, sonra isə nifrət və qınaq obyektinə çevrilir. Bizim hakimiyyət təmsilçiləri, dövlət xadimləri və məmurlar sahib olduqları əmlakı demək olar ki, xalqdan gizlətməyə belə cəhd etmirlər. Bizdə hamı yaxşı bilir ki, istənilən nazirin, xarici ölkələrdə olanları demirəm, Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində hər birinin 1, 2 yox onlarla villası, hektarlarla torpaq sahələri, onlarla bahalı maşınları, şəxsi təyyarələri, istehsal və kommersiya müəssisələri, saysız-hesabsız obyektləri mövcuddur. Sabah bütün bünlar televiziya kanallarında dünyaya nümayiş etdirilərkən, ola bilsin, bizim üçün heç də böyük təəccüb doğurmayacaqdır. Lakin əminəm ki, bütün dünyanı həqiqətən heyrətləndirə biləcəyik.
Nazirlər və məmurlar hakimiyyəti idarə etməklə yanaşı biznes, istehsal və kommersiya fəaliyyəti ilə məşğul ola bilərlər. Müəllimlər, həkimlər, ali təhsilli mütəxəssislər 150 manat məvaciblə yaşaya bilərlər, bunun dövlətçiliyimizə heç bir ziyanı yoxdur. Prokurorlar və hakimlər isə 2000 manat maaş almalıdırlar, çünki onlar diktarura rejiminin dayaqlarıdırlar. Biz bu faktları deməkdə özümüzü borclu hesab edirik. Nəticədə müxtəlif təzyiq vətəqiblərlə üzləşirik. Amma xüsusi olaraq qeyd edim ki, heç bir təqib bizi həqiqət bildiyimiz yoldan çəkindirə bilməz”.
S.Məmməd ölkədə çox qəribə tendensiyanın yarandığını deyir: “Azərbaycan hakimiyyəti çox maraqlı üsuldan yararlanmağa cəhd göstərir. Hansısa beynəlxalq təşkilat yaxud ölkə vətəndaşlı bəlli problemlərdən danışanda, konkret nöqsanları deyəndə hakimiyyət dərhal onu erməni dəyirmanına su tökməkdə ittiham edir, ermənilərlə işbirliyində suçlayır. KİV-də bu istiqamətdə təbliğataparmaqla cəmiyyətdə fikirçaşqınlığı yaradır. Hakimiyyət təmsilçiləri iddia edirlər ki, Azərbaycanda siyasi məhbus yoxdur. İnsanların söz, mətbuat, yığıncaq azadlıqları tam təmin olunur və bu sahələrdə heç bir problem yoxdur. Halbuki, həm ölkədaxili insan hüquqları müdafiə edən QHT təşkilatlarının, həm də beynəlxalq təşkilatların yekdil siyahılar üzrə gəldikləri nəticələrə görə ölkədə siyasi məhbusların sayı kifayət qədərdir. Əslində siyasi məhbus varsa onun nə qədər olması önəmli deyil. Bir nəfər də olsa ölkədə söz və fikir azadlığının boğulmasını isbat edir, yüz nəfər olsa da. Tam razıyam ki, siyasi məhbus siyahısı çoxaldıqca vəziyyətin daha da gərginləşdiyi bəlli olur. Hakimiyyət birmənalı olaraq təqiblərinə son qoymalıdır”.