Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işinə yenidən baxır

Cümə günü Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun işinə yenidən baxılmasına başlanılıb.

Xatırladaq ki, sentyabrın 29-da Ali Məhkəmə M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və onun şikayəti Apellyasiya Məhkəməsinə qaytarılıb.

Həbsə bu ilin yanvarında onun polisdə işgəncələrə məruz qalması barədə bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtanla bağlı iddia qaldırıb.

Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək iki il azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsi hökmdən şikayəti təmin etməyib.

Bu gün Apellyasiya Məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Əlirza Əbilov polis rəisinin iradını təsdiqləyib.

M.Hüseynovun vəkilləri üç vəsatət qaldırıblar: onun “şüşə qəfəs”dən buraxılaraq vəkilin yanında əyləşməsinə icazə verilsin; həbs qətimkan tədbiri dəyişdirilsin; şikayətə təkrar istintaq aparılmaqla baxılsın.

Vəkil Fuad Ağayev diqqəti ona yönəldib ki, M.Hüseynov Bakının mərkəzində oğurlanaraq Nəsimi polisinə aparılıb və orada fiziki təzyiqə məruz qalıb. O bu barədə ictimaiyyətə məlumat verərkən onu böhtanda ittiham ediblər.

Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsi obyektiv təhqiqat aparmadan hökm çıxarıb. Vəkilin fikrincə, polisin binasında müşahidə kamerasından qeydlərə baxış kimin həqiqətən cinayət törətdiyini göstərər. O, məhkəmədən xahiş edib ki, M.Hüseynovun M.Musayevə nədə böhtan atmasına aydınlıq gətirilsin.

M.Hüseynov deyib ki, M.Musayevi tanımır. M.Hüseynov Nəsimi rayonu ərazisində 15 əxlaqsızlıq yuvasının fəaliyyət göstərdiyini deyərkən hakim onun sözünü kəsərək növbəti iclası noyabrın 10-na təyin edib.

M.Hüseynov “Sancaq” satirik onlayn-jurnalında yüksək vəzifəli məmurların korrupsiyaya uğraması haqda çoxsaylı videomateriallar hazırlayıb. O, siyasi məhbus kimi tanınıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir