Cümə günü Müsavat Partiyasının bir qrup fəalı Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirməyə cəhd göstərib. 20-30 nəfər adam toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz edib.
Piketə şəhər hakimiyyətinin Müsavat üzvlərinin 21 oktyabr yürüşünü keçirməsinə icazə verməməsi səbəb olub.
Fəallar “İçərişəhər” metro stansiyasından çıxaraq meriyanın binasına doğru irəliləyiblər və piketin qətnaməsini oxuyublar. Ancaq polis əməkdaşları Müsavat Partiyası sədrinin müavininin qətnaməni meriyaya təqdim etməsinə mane olublar.
Sonra polislər aksiya iştirakçılarını sıxışdırmağa başlayıblar. Buna cavab olaraq piketçilər “Azadlıq!” şüarını səsləndiriblər. Bundan sonra polis iştirakçıları saxlayıb.
10-na yaxın adam saxlanılıb. Onların arasında Müsavat Partiyası sədrinin iki müavini – Səxavət Soltanlı və Tofiq Yaqublu, həmçinin sədrin müşaviri Mustafa Hacıbəyli də var.