Dünya neft hasilatının maya dəyərinin aşağı düşməsi, ABŞ şist neft sənayesinin potensialının artması və bazara çevik reaksiya verə bilməsi uzunmüddətli perspektivdə neft qiymətlərinin 60 dollar/barel həddindən aşağı qalmasına səbəb olacaq. Belə bir proqnozla “Fitch” beynəlxalq reytinq agentliyi çıxış edib.
“Fitch” qeyd edib ki, ilin əvvəlindən ABŞ-da aktiv neft quyularının sayı 45% artıb. Nəticədə, ABŞ-da neft hasilatı 8,4 mln. barel/gündən 9,5 mln. barel/günə yüksəlib. Agentlik OPEC və onun müttəfiqlərinin neft bazarında tarazlıq yaradacağına şübhə ilə yanaşdığını bildirir və qeyd edir ki, neft ehtiyatları tarixi orta səviyyələrdən kifayət qədər yüksək qalmağa davam edəcək.