Dünyadakı siyasi gərginlik neftin nəbzini artırır – “Qara qızıl”ımız hara kimi qalxacaq?
Dünya birjalarında neftin qiyməti sürətlə artmağa başlayıb. 1 ay içərisində neft 65 dollardan 80 dollara kimi bahalaşıb. Bu günə olan rəqəmlərə görə, Azərbaycan neftinin bir bareli 80,12 dollara satılır. Halbuki iqtisadçılar, ekspertlər neftin qiymətinin yaya doğru kəskin şəkildə aşağı düşəcəyini proqnozlaşdırırdılar.
Bəs neftin qiymətinin artmasının iqtisadi əsasları varmı və bu templə davam edərsə neft 2014-cü ildəki kimi 120 dollar səviyyəsinə qədər yüksələ bilərmi?
Məsələ ilə bağlı BakuPost-a danışan iqtisadçı Natiq Cəfərli neftin qiymətinə təsir edən amilləri açıqlayıb. O deyib ki, neftin qiyməti bazardakı tələb-təklif qanuna görə deyil, dünyadakı siyasi gərginliklər səbəbindən qalxıb.
“Hərbi gərginliklər və iqtisadi səbəblər neftə təsir etdi. Neftin qiymətinin qalxmasının heç bir iqtisadi səbəbləri yoxdur. Çünki hasilatın OPEK-dən kənar ölkələrdə, əsasən ABŞ-da kəskin artdığını görürük. OPEK-Rusiya anlaşması 2016-cı ildə bağlanarkən ABŞ-da hasilat günlük 8,4 milyon barel idi. Bu gün isə 10,8 milyon bareldir. Son il yarımda təqribən 2,2 milyon barel hasilatın artımını görürük. OPEK və Rusiya isə hasilatı cəmi 1,8 milyon barel azaltmışdı. OPEK-in azaltdığı həcmi təkcə ABŞ bazarda doldurub. Artıq hasilatla bağlı problem yoxdur. İstehlakla bağlı gözləntilərimizin əksinə olaraq da dünyada artım yoxdur. Bir çox ölkələrdə xüsusən Avropada və Şimali Amerikada, hətta Çində də alternativ enerjiyə daha çox üstünlük verirlər deyə neftə olan tələbatı gözləntilərdən aşağı səviyyəyə salıb.
Hasilat artıb, tələbat da gözləntilər səviyyəsində artmır, hətta bəzi Avropa ölkələrində azalma müşahidə olunur. Deməli, neftin qiymətinin artımının iqtisadi səbəbi yoxdur. Amerika-Qərb, Amerika-İran, İsrail-İran qarşıdurması, Səudiyyə-Yəmən, Suriyadakı müharibə, İraqdakı qeyri-sabitlik, Venesuelada qeyri-sabitliyin olması, seçkidən sonra böyük xalq çaxnaşmalarının olması – neft ölkələrində baş verən bu amillər neftin qiymətinin 80 dollara qədər artmasına səbəb olub”, – deyə istisadçı qeyd edib.
N.Cəfərli əlavə edib ki, bu siyasi gərginlik aradan qalxsa, neftin qiymətinin 50 dollara kimi ucuzlaşması tam real və mümkün görünür: “Bu o vaxt baş verəcək ki, gərginlik xətlərində hər hansı bir formada aydınlaşma olsun və gərginliyin azalmasını müşahidə edək. Bunun üçün müəyyən addımlar da atılır. Məsələn, Avropa Birliyi ölkələri İrana qarşı Amerika sanksiyalarına qoşulmayacağını bəyan etdi. Hətta İrandan əlavə neft və qaz alınması haqda danışıqlar gedir. Əgər reallaşsa, bu hissədə gərginlik bir az azalacaq. Yəməndə hakimiyyətin və müxaliflərin çəkişməsi davam edir. Səudiyyənin müdaxilələri də var. Bunun da bu il ərzində həll edilməsi gözlənilir. Yəmənlə bağlı böyük bir konfrans olmalıdır. Orada da normal qərarlar verilsə, vəziyyət sabitləşəcək Suriyadakı müharibənin dayandırılması və yaxud atəşkəsin elan olunması, İraqda seçkilərdən sonra yaranmış yeni vəziyyətə uyğun hökumətin normal fəaliyyətə başlaması – bütün bunlar siyasi gərginliyin azaldılmasına xidmət edəcək amillərdir. Siyasi gərginlik azalsa, neftin qiymətlərinə kifayət qədər təsir edəcək və qiymətin aşağı düşməsi trendini görəcəyik”.
İqtisadçı neftin 120 dollara kimi bahalaşma ehtimallarını da şərh edib: “İndi neftin qiymətinin 119-120 dollar səviyyəsinə qalxmasına ehtiyac yoxdur və ehtimal edilmir. Amma yenidən hərbi və siyasi vəziyyət gərginləşsə, məsələn İranla İsrail və yaxud Amerika arasında müharibə olsa, ciddi bir hərbi qarşıdurmayla nəticələnsə, təbii ki, neftin qiyməti 120-130 dollar da ola bilər. Amma bu ancaq müvəqqəti və hərbi vəziyyətə görə artan qiymət olacaq. İqtisadi səbəblərə, tələb və təklif qanunlarına görə, neftin qiymətində belə bir kəskin artımın olmasına heç bir ehtiyac və səbəb yoxdur”.