Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin görüşündə Bakı və Moskva arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
“Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidləri və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk”, deyə Azərbaycan prezidentinin saytında dərc edilmiş məlumatda Patruşevin sözlərindən sitat gətirilir.
O, Bakı və Moskva arasında təhlükəsizlik sahəsində uğurlu əməkdaşlıq olduğunu vurğulayıb.
“Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”, deyə Patruşev bildirib.
Öz növbəsində, prezident Əliyev ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb.
Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.