“Azərbaycanda gənclər siyasəti iflasa uğrayıb. Həbs olunanların böyük əksəriyyəti də gənclərdir. Hakimiyyət gələcəyimiz hesab olunan gənclərə qarşı amansız davranır. Hakimiyyətin gənclərlə bağlı aqressiv siyasəti kəskin formada tənqid olunmalı, gənclərin təhsil və digər əhəmiyyətli problemlərinin həll olunması tələb edilməlidir. Çünki gənclərlə bağlı dövlətin heç bir proqramı yoxdur. Əksinə gənclərə qarşı hakimiyyətin dözümsüzlüyünü görürük. Bayram Məmmədov və Qiyas İbrahimovun saxta ittihamlarla həbs olunması dediklərimə sübutdur”. Bu sözləri kiçik sahibkar, ictimai-siyasi fəal Azər Kərimova məxsusdur.
A.Kərimov hesab edir ki, Bayram Məmmədov və Qiyas İbrahimovun həbsi siyasi sifarişdir: “Guya bu iki gənc narkotik istifadəçisidirlər. Amma biz bunun tam əksini görürük. Bu gənclər hakimiyyətin siyasətini körükləyən Aztv-də keçirilən gənclər arası yarışmada yüksək nəticə göstəriblər. Yüksək istedada və intellektə sahib gənclərdilər. Ölkədə baş verən proseslərə digərlərindən fərqli olaraq etiraz ediblər. Hesab edirəm ki, diqqəti cəlb etmək üçün çox uyğun yol seçiblər. Heç kimin ağlına gəlməyən və əksəriyyətin bacarmadığı addımla tarix yaza bildilər. Gənclərə qarşı saxta ittihamlar və qarayaxmalar cəmiyyətə ciddi mesajdı. Çünki bu gənclər məhz cəmiyyətə qarşı hakimiyyətin yanlış siyasətini ifşa ediblər”.
A.Kərimov gənclərin qeyd-şərtsiz azad olunmalarını tələb edib: “Bayram və Qiyasın həbs olunmasını vicdanı olan hər kəs tənqid etməlidir. Onların heç bir suça sahib olmadıqlarını da hamı bilir. Bu cür düşüncəyə sahib olan gəncləri hansısa cinayətdə ittiham etmək gülüş doğurur. Gənclərin heykələ məlum şüarı yazmalarından əvvəl narkotik alidəçilikləri deyilsəydi hardasa inanmaq olardı. Amma məlum şüar yazılan gün bunların “narkoman” kimi həbs olunması inandırıcı deyil. Ona görə də cəmiyyət, xüsusən gənclər hakimiyyətdən bu gənclərin azad olunmalarını tələb etməlidirlər. Hesab edirəm ki, hakimiyyətin xalqa qarşı qərəzli və düşmən mövqeyində dayanması, cəmiyyətin də susqunluğu tezliklə çox ciddi fəsadlara yol açacaq”.
Qeyd edək ki, gənc fəallar – Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb. Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yer alıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə “Qul bayramınız mübarək!” sözləri yazılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.
Gənclərin özləri və ailələri onlara qarşı irəli sürülən ittihamları qəbul etmir, həbslərinin siyasi motivli olduğunu qeyd edirlər.