Nərimanov rayon icra başçısının I müavini Şahmar İbadov maşınla adam öldürməyi cinayət saymır. Hər halda oğlu Elmir İbadovun ağır yol qəzası törətməsi barədə onun mətbuata açıqlamasından belə çıxır.
A24.az saytının yazdığına görə, Şahmar İbadov deyib:
“Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq.”
Yayılan məlumatlara görə, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlunun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.
Atası isə hesab edir ki, qadın Elmir İbadovun maşınıyla toqquşaraq, öz əcəliylə ölüb.