Xarkovda yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və blogger Filipp Ekozyants Yutubda “Erməni köçü” adlı maraqlı bir videorolik yerləşdirib. Daha sonra o, çıxışını sosial şəbəkələrdəki səhifələrində paylaşıb.
Media-fakt.info Musavat.com-a istinadla video-çarxın aktuallığını, o sırada soyqırım iddiaları, qonşu xalqlara qarşı ərazi iddiaları və erməni xalqının qədimliyi ilə bağlı miflərin bir erməni ictimai xadimin dilindən ifşa edildiyini nəzərə alıb, çıxışın tam tərcümə mətnini oxucuların diqqətinə çatdırır:
“Mən etiraf edirəm ki, ermənilərin soyqırımı indi aparılır. Tarixi hadisələri saxtalaşdırıb bəhanə qismində istifadə edərək erməni xalqını real dünyadan kəsib ayırmaq istəyirlər. Və bunu əfsus ki, kifayət qədər uğurla edirlər. Təəssüf ki, bu gün biz ermənilər öz soyqırımımızda özümüz iştirak edirik.
Ermənilərin genosidi bizim vərdiş edib inandığımız kimi və ya bizi inandırmağa çalışdıqları kimi, heç də 100 il öncə baş verməyib həm bizim xalq üçün, həm də Osmanlı İmperiyasının bütün xalqları üçün böyük fəlakət baş verib. Bu şər illər öncə olub, bitib və həmişəlik bizim qəlbimizdə qalıb.
Erməni xalqının genosidi isə 30 il sonra – 20-ci əsrin 40-cı illərdə başlayıb. Və məhz o vaxt “genosid” sözü və anlayışı meydana çıxıb və bu günədək davam edir. Bu genosidin mahiyyəti də ondan ibarətdir ki, bizim erməni xalqını real dünyadan virtual dünyaya köçürmək istəyirlər.
Əvvəla, bizi inandıra biliblər ki, bizim öz qonşularımızla, ən yaxın xalqlarla və qan qohumlarımızla heç bir ortaq bağlarımız yoxdur. İkincisi, bizi inandıra biliblər ki, son 400 illik tariximiz, yəni bütün Osmanlı dönəmi bizim tariximiz deyil və biz guya bu 400 ildə böyük Osmanlı İmperiyasının, zəngin, qüdrətli və maarifləndirici bir dövlətin tamhüquqlu üzvləri yox, hüquqsuz qulları olmuşuq.
Bu, əlbəttə ki, belə deyil. Və mən əminəm ki, erməni qardaşlar biz bir yerdə baş çıxarıb gerçəyi bulacağıq ki, kim bizi aldadır. Bizə həqiqi tarix əvəzinə virtual qədimilik, virtual böyüklük anlayışlarını sırıyırlar – hansıların ki, reallıqla heç bir əlaqəsi yoxdur. Xalqımız üzərində belə bir psixo-tarixi zorakılıq nəticəsində biz özümüz özümüzün düşməni olmuşuq – hətta buna şübhə də eləmirik.
Biz qonşu xalqlara, xüsusən də türk xalqına qarşı özümüzün sürrealist tələblərimiz və iddialarımızla biz öz coğrafi əhatəmizdə bioloji izqoya (tullantı – red.) çevrilmişik. Və biz heç cür anlaya bilmirik ki, həm bizim “soyqırım” anlayışının yaradıcıları, həm də qonşulara qarşı mənəvi, tarixi və ərazi iddialarının təşkilatçıları – hansılar ki, çox gözəl şəkildə erməni xalqının qurbanlıq obrazını tərənnüm edirlər – əslində bizim amansız və məkrli düşmənlərimizdir.
Biz artıq on illərdir bizə tamamilə yad olan insanlar tərəfindən düşünülmüş olduqca ağır “genosid” xaçı ilə dünyada veyllənirik. Bu müddətdə genosid sözü hərfi mənada bizimlə qovuşub. O, hər bir erməni ailəsinin üzvü olub, icazəsiz və çəkinmədən bizim qəlblərimizdə yuva salıb və bizim xalqın həyati şirələrini oradan sorur. Biz qapalı, qəzəbli, kinli olmuşuq və uydurduğumuz dünya ürəyincə olmayan hər kəsi məhv eləməyə hazırıq – o dünya ki, biz orada ən qədim, ən böyük, ən əzabkeşik.
Şükür Allaha ki, ermənilər arasında öz sağlam mühakimə qabiliyyətini və zəkasını qoruyub saxlayanlar kifayət qədərdir. Mən bilirəm və əminəm ki, bizim xalq öz yaddaşını, bütün doğmalarını özünə qaytarmalıdır. Onu necə var, elə də qəbul eləməlidir. Söhbət həm Türküyə xalqından, həm Azərbaycan xalqından, hım də rus xalqından gedir.
Mən bu xalqları bizdən hansı ardıcıllıqla aralayıblarsa və hansı ardıcıllıqla aralamada davam edirlərsə, o ardıcıllıqla da sıraladım. 19-cu əsrin sonlarında türkləri, 20-ci əsrin sonlarında qəti olaraq azərbaycanlıları bizim düşmənlərimizə çevirdilərsə, indi də ruslara qarşı xalqımıza uğurlu şəkildə nifrət virusu peyvənd edirlər. Odur ki, nə qədər ağır da olsa biz öz real, təbii ailəmizə qayıtmalıyıq. Əgər bunu eləməsək, mən əminəm: biz məhv olacağıq, həll olub gedəcəyik.
Bir çox şərhçilər məndən xahiş edirlər ki, mən erməni xalqı adından danışmayım. Mən onlara cavab verirəm: mən heç vaxt bütün erməni xalqı adından danışmamışam, danışmıram və danışmayacağam. Mən yalnız öz şəxsimdə, öz adımdan danışır, öz fikirlərimi söyləyirəm – o ümidlə ki, məni məhz ermənilərin anlaqlı kəsimi eşidəcək.
Mən bizim virtual qədimliyimizin, qədim böyüklüyümüzün konkret nədən ibarət olduğunu göstərmək və əsas bu suala cavab vermək üçün öz üzərimə məsuliyyət götürürəm: kim və nə üçün bizi aldadır? Digər bütün xalqlar kimi bizim də qədim keçmişimiz var. Ancaq əfsus ki, onun haqda dəqiq heç nə, yaxud demək olar, heç nə məlum deyil.
Mən dəfələrlə təkrar eləmişəm və yenə təkrar edirəm: bizim güclü dövlətimiz olub. Onun adı Osmanlı İmperiyasıdır. Və biz orada erməni etiqadlı osmanlılar olmuşuq. Bizim heç bir başqa dövlətimiz gerçəkdə mövcud olmayıb. Varisi yalnız erməni xalqı olan dövlət də yüz faiz olmayıb. Mən yalnız təsdiqlənmiş və sizə məlum olan faktlara əsaslanaraq öz keçmişimiz haqda həqiqəti daha ətraflı şəkildə təqdim edəcəyəm”.