“Millətin sərvətini bacardıqları qədər yeyib dağıdır, qalanını da “küləyə” verirlər”
AXCP sədri Əli Kərimli hakimiyyətin dövlət vəsaitlərini müxtəlif lüzumsuz layihələrə israf etməsi, lakin xalqın böhrandan çıxmasına kömək etməməsi barədə feysbuk səhifəsində daha bir qeyd paylaşıb. AXCP lideri yazır:
İkinci devalvasiyadan sonra rayonlarda keçirilən etiraz aksiyaları yadınızdadır? Bax, həmin zamanlarda hökumət xalq etirazlarından qorxuya düşüb, 5 min dollara qədər krediti olan 100 minlərlə insanın kreditlərini devalvasiyadan əvvəlki məzənnə ilə hesablanmasına əvvəlcə razılaşmışdı. Hətta hesablama da apardılar ki, bu işi görmək üçün cəmi 250 milyon dollar vəsait tələb olunur. Rayonlarda etirazlar dayanandan sonra dedilər ki, yox, vəsait yoxdur. İndi isə məlum olur ki, vəsait var imiş. Amma həmin vəsaiti saxlayıblarmış ki, “Formula-1” yarışlarına və Avropa Çempionatına sponsorluğa xərcləsinlər. Təəccüblənməyin, hakimiyyətimiz əslində bizim ölkəyə dəxli olmayan bu 2 idman avantürasına birlikdə 450 milyon manat (300 milyon dollar) xərcləyir. Bu vəsait əhalinin dollarla olan kreditlərini əvvəlki məzənnə ilə hesablamaq üçün lazım olan vəsaitdən xeyli çoxdur. Millətin sərvətini bacardıqları qədər özləri yeyib dağıdırlar, qalanını da beləcə “küləyə” verirlər.