Tədqiqatlarım sosial mövzuda olsa da, qoyulmuş məsələlərə siyasi don geyindirilir
Tədqiqatçı-jurnalist Mehri Nəsibova ictimai mövzulara müraciət etsə də, yazılarının siyasi xarakter daşıdığının fərqində olduğunu bildirdi.
-Mehri xanım, tədqiqatlarınızda deyəsən daha çox sosial mövzulara müraciət edirsiniz. Belə görünür ki, əvvəllər daha çox siyasi hüquqi məsələlərə toxunurdunuz… – Əslində sadəcə son iki-üç tədqiqatımın sosial mövzuda olması ola bilər ki, bu görüntünü yarada bilər. Lakin, mənə qarşı atılan addımlar onu göstərir ki, mənim sosial mövzularda tədqiqat aparmağım da siyasi xarakter daşıyır. Çünki, mənə olan müraciətlər, radikal jurnalist adlandırılmağım bunu deməyə əsas verir. Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, araşdırma apardığım sosial mövzular üzrə çatışmazlıqları ortaya çıxartmağım əslində siyasi xarakter daşıyır. Mən müraciət elədiyim sahələr üzrə qanunvericilikdə olan boşluqları, eyni zamanda bürokratik əngəlləri göstərdiyimə görə məmurların xoşuna gəlmirəm. Bəzən bu məmurun vəzifəsi və statusu daha yuxarı olduğundan məni “zərərsizləşdirmək” istəyir. Eyni zamanda mənim bütün araşdırmalarımda korrupsiyanın qarşısını almaq üçün şəffaflıq elementləri var. Yəni, şəffaflığın yaradılmasını tələb edirəm və heç bir vaxt hansısa məmuru xüsusi olaraq tərifləmirəm.
– Bilmək olarmı, tədqiqatlarınızda hansı sahələri daha çox araşdırırsınız? – Yadımda olanlardan deyə bilərəm ki, insanların məhkəmələrdə hüquqlarının təmin olunması, Ağ şəhərin salınması zamanı insanların başına gətirilənlər, miqrasiya problemləri, övladlığa götürülmə və s. ilə bağlı araşdırmalarım olub. Bu araşdırmalarda daha çox faktiki hallar zamanı məmur özbaşınalığı və bürokratik əngəllər, korrupsiya elementləri öz əksini tapmışdır. Eyni zamanda bütün araşdırmalarda mütəxəssis rəylərinə xüsusi yer verilir və onlar da xarici ölkələrlə müqayisə kontekstində ideal variantlar göstərirlər. Təbii ki, mən bütün araşdırmalarımda statistik və rəsmi rəqəmləri göstərirəm. Bununla yanaşı hakimiyyət nümayəndələrinin mövqelərini də göstərməyə cəhd edirəm. Sadəcə çox hallarda hökumət nümayəndələri nəinki suala cavab vermir, hətta mövzunun adını eşidəndə narahatçılıqlarını birbaşa bildirirlər. Yəqin, elə buna görə də mənə bir neçə dəfə xüsusi müraciətlər olub ki, bu tədqiqatlarla çox adamların “başını ağrıtmayım”.