Ruslan Xəlil: “Media siyasi alətə çevriləndə nüfuzdan düşür”
Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunmaqdadır. Hazırda da bu sahələrin inkişafı ilə əlaqədar ölkədə kifayət qədər işlər görülüb. Hazirda da bu sahələrin inkişafı istiqamətdə fəaliyyət davam etməkdədir. Jurnalist Təşəbbüsləri Mərkəzinin sədri, “Teleqraf.com” saytının redaktoru Ruslan Xəlil suallarımızı cavablandırıb.
– Azərbaycanda mətbuatın vəziyyətini necə dəyərləndirirsiniz?
– Azərbaycanda mətbuatın vəziyyətinə birmənalı qiymət vermək mümkün deyil. Çatışan və çatışmayan cəhətlərilə mətbuatımız mövcuddur, fəaliyyət göstərir. Əsas ümidverici faktor ondan ibarətdir ki, ölkədə jurnalistika vətəndaş cəmiyyətinin flaqmanı kimi çıxış edir. Nə QHT, nə siyasi partiyalar, fondlar və s. ictimai-siyasi birliklər media qədər güclü deyillər. Bu gün ölkədə ictimai fikiri məhz media formalaşdırır. Çap mediasını kölgədə qoyan elektron media hazırda çox ciddi rəqiblə üzləşib. Bu, sosial şəbəkələrdir. Etiraf edək ki, media bir çox hallarda mövzuları sosial şəbəkələrdən götürür. Media-sosial şəbəkə münasibətlərinin, rəqabətinin nəticəsinin necə olacağını zaman göstərəcək. Bu, həm də dünyada baş verən qlobal siyasi proseslərdən asılıdır. ABŞ prezidenti Donald Tramp prezident seçiləndən sonra bəyan etdi ki, o, ikiüzlü, simasız mətbuatla işləməyəcək və bütün açıqlamalarını, fikirlərini sosial şəbəkə üzərindən paylaşacaq. Hesab edirəm ki, bu, dünyanın hegemon ölkəsinin prezidentindən mətbuata vurulan tərs şapalaq idi. Medianın siyasi qüvvələrin əlində bir alətə çevrilməsi sonda onun nüfuzunun azalmasına səbəb olur. Zaman-zaman Azərbaycanda da medianın siyasi qüvvələrin əlində alətə çevrilməsinin şahidi olmuşuq. Elə bu gün də bu hallara rast gəlinir. Bu da faktdır ki, medianın durumu dövlətin gücü ilə oxşar olur. Zəif, beynəlxalq proseslərdə ciddi rol oynamayan, başı daxili problemlərə qarışan ölkənin güclü mediası ola bilməz. Hazırda dünyada siyasi və iqtisadi prosesləri idarə edən 3-4 dövlət var ki, onların mediası dünya ölkələrinin mətbuatı üçün mənbə rolunu oynayır. Bütün hallarda Azərbaycan mətbuatı öz yerini tutmalı və nüfuzunu qorumalıdır.
– Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib?
– O ölkə inkişaf edir ki, orada müstəqil mətbuat, plüralizm var. Biz dəfələrlə ölkəmizdə medianın gücünü görmüşük. Çox müsbət haldır ki, ölkə rəhbərliyi medianın qaldırdığı bir çox məsələlərə həssas yanaşır. Özlərini kiçik padşah kimi aparan məmurların qeyri-etik, qanunsuz fəaliyyətləri mətbuatda işıqlandırılandan sonra onların barəsində tədbirlər görülüb. Məsələn, səhv etmirəmsə ötən il olub, Cəbrayıl, Laçın və Salyanın icra başçıları dövlət qulluqçusu adına yaraşmayan hərəkətlərə yol vermişdilər və bu barədə mətbuatda yazılar getdi. Məhz həmin yazılardan, foto və video-görüntülərdən sonra onlar vəzifələrindən azad edildilər. Mətbuatımız ayrı-ayrı məmurları tənqid etmək müstəqilliyinə sahib olmasaydılar, onlar hələ də fəaliyyət başında idilər. Bir çoxları düşünür ki, mətbuatımızın tam müstəqil deyil. Bunu mətbuatı gündəlik izləyən, bu sahənin peşəkarları bildirsələr, hardasa başa düşmək olar. Məsələ burasındadır ki, medianı izləməyən adamlar bunu deyir. Jurnalistlərimizin zəhmətini yerə vurmaq olmaz. Hər gün ayrı-ayrı mətbu orqanlarda bir-birindən maraqlı müsahibələr, reportajlar, sosial araşdırmalar dərc olunur. Bu yazılar zəhmətlə ərsəyə gəlir. Yaxşı olardı ki, jurnalistikamızı bəyənməyənlər dönüb öz işlədikləri və ya digər sahələrə baxsınlar. Heç bir sahədə jurnalistikada olduğu qədər özünütənqid, özünənəzarət yoxdur. Hansısa nazirə, komitə sədrinə deyəndə ki, sizing rəhbərlik etdiyiniz qurumda korrupsiya, özbaşnalıq var, deyir, ola bilməz. Hələ üstəlik bunu deyənin ağzının üstündən vurular. Amma media qurumlarının rəhdərlərinə deyəndə ki, jurnalistikada “reketlik”lə məşğul olanlar var, siyahını açıb ortaya qoyurlar və əlavə faktlar göstərirlər.
-Bu gün mətbuat nə dərəcədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verir?
– Mətbuat söz azadlığının fövqündə dayanmalıdır. Bir ölkədə söz azadlığının durumunu öyrənmək üçün onun mətbuatını incələmək lazımdır. Bizim idman jurnalistikamızda, mediamızın mədəniyyət, sosial sahələrində kifayət qədər plüralizim mövcuddur. Hər bir qəzet, sayt çalışır ki, oxucuya maraqlı yazı təqdim etsin və bunun üçün də operativ, balanslı yazı hazırlayırlar. Hazırda ölkədə söz azadlığı, pluralizm mövcuddursa, bu mətbuatımızın səyi nəticəsində mümkün olub. Əminliklə deyə bilərəm ki, ölkədə ən zəhmətkeş təbəqə jurnalistlər, qələm əhlidir. Az məvaciblə böyük işlər görürlər. Qafqazın ən güclü, ən çoxtirajlı qəzetləri, agentlikləri məhz Azərbaycandadır.
-Dövlətin mətbuata göstərdiyi diqqət və qayğı fikir və söz azadlığının daha da inkişaf etməsinə nə dərəcədə dəstək olur?
– Bütün dünyada mətbuata dövlət qayğısı var. Yuxarıda qeyd etdiyim ki, güclü dövlətlə hər zaman mediaya dəstək olurlar. Məsələn, Fransa dövləri maraqlıdır ki, “Franspress” agentliyi ABŞ-ın “Associated Press” agentliyindən, İngiltərə maraqlıdır ki, BBC və ya “Röyters” agentliyi Almaniyanın “Bild”, “Şpigel” kimi nəşrlərindən güclü olsun. Eyni zamanda Rusiya, Çin mətbu orqanlarını beynəlalxq arenaya çıxarmaq üçün milyardlarla vəsait xərcləyirlər. Dövlətin dəstəyi olmadan “Əlcəzirə” kimi telekanal formalaşdırmaq mümkün deyil. Mediaya güclü pul xərcləmək, böyük bir komanda yığmaq hələ nüfuzlu media qurumu yaratmaq demək deyil. Beynəlxalq arenada rəqabətə davam gətirmək üçün redaksiyanın müstəqilliyini təmin etməlisən, onun etik kodeksini hazırlamalısan. İmkan verməlisən, hətta maraqlı olmalısa ki, sənin mətbuatın səni tənqid etsin. Əgər bu tənqid medianın nüfuzunu qaldıracaqsa, ən azından görüntü olaraq, ölkədə söz azadlığının olduğunu nümayiş etdirəcəksə bunun nəyi pisdir. İnkişaf etmiş ölkələrdə dövlət mətbuata nəinki müstəqillik verir ki, hətta onunla əməkdaşlıq edir. Müxtəlif kombinasiyalar qurulur, taktiki gedişlər edilir ki, ictimai fikiri formalaşdıra bilsinlər. Yəqin ki, yaxın gələcəkdə biz Azərbaycanda da bunun şahidi olacağıq.
-Hazırda Azərbaycan mətbuatında elektron medianın rolunu necə dəyərləndirirsiniz?
Azərbaycanda 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi dövlət qeydiyyatından keçərək gündəlik fəaliyyət göstərir. Bundan başqa yüzlərlə informasiya saytları, portallar var ki, internet resursu kimi mövcuddur. Ölkə əhalisinin böyük əksəriyyətinin İnternetə çıxışının olmasını nəzərə alsaq, elektron medianın ictimai fikirin formalaşmasında önəmli rol oynadığını söyləyə bilərik. Elektron medianın ən böyük zərbəsi çap mətbuatına dəydi desək yanılmarıq. Amma televiziya və radionun jurnalistikadakı mövqeyi o qədər də zəifləməyib. Sayt bumunun yaşandığı Azərbaycanda maraqlı tendensiya müşahidə edilir. Bu da ixtisaslaşmadı. İnformasiya saytlarının ayrı-ayrı sahələr üzrə püxtələşməsi çox maraqlıdır. Elektron medianın günü-gündən artan rolunu nəzərə alan dövlət indi onun həm qanunvericilik bazasını yaratmağı, həm də maliyyə dəstəyi verməsi düşünür. Düşünürəm ki, bu məsələdə beynəlxalq təcrübə yaxından öyrəniləcək.
-İndiyə qədər elektron medianın hüquqi statusunun müəyyənləşdirilməməsi hansı problemlər yaradır?
– Bizim təşkilat hazırda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın internet mediasında etik normaların qorunmasına dair monitorinqin aparılması” layihəsini həyata keçirir. Bu mənada qoyduğunuz sual hazırda çox aktual və bizi narahat edən məsələlərdəndir.Fəaliyyətlərində jurnalistikanın etik prinsiplərinə riayət edən elektron media qurumları ilə yanaşı, heç bir etik davranış kodeksi olmadan fəaliyyət göstərən xəbər saytları kifayət qədərdir. Bu isə elektron mediada hüququ və mənəvi məsuliyyət yükünün azalmasına, insanların şərəf və ləyaqətin alçaldılmasına, böhtan və təhqir hallarına yol verilməsinə, milli, mənəvi dəyərlərə hörmət qoyulmamasına gətirib çıxarır. Etik normaları pozan saytların rəhbərlərinə aidiyyəti qurumlar tərəfindən müvafiq xəbərdarlıqlar edilsə də, onlar öz fəaliyyətlərini davam etdirirlər və hətta əməllərində cinayət xarakteri olan hallara yol verirlər. Bunun nəticəsidir ki, ictimaiyyətə özlərini jurnalist, redaktor kimi təqdim edən şəxslərin barələrində son vaxtlar cinayət işlərinin açılması halları artıb. Problemi tam həll olunmuş hesab etmək olmaz. Hazırda xeyli sayda sayt var ki, özünü ictimaiyyətə ciddi media qurumu kimi təqdim edir və fəaliyyətlərində “reket”liyə yol verərək ayrı-ayrı şəxsləri, sahibkarları, dövlət qurumlarının nümayəndələrini şantaj edir, şərəf və ləyaqətlərini alçaldır, təhqir və böhtana məruz qoyurlar. Həmçinin bu cür saytlarda insanların şəxsi həyatına müdaxilə, dini, etnik, cinsi və s. xüsusiyyətlərini alçaldan yazılara rast gəlinir. Bütün bunlar elektron medianın fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsinin vacibliyini ortaya qoyur. Eyni zamanda elektron mediada ayrı-ayrı şəxslərə qarşı, ayrı-ayrı dövlət və ya kommersiya qurumlarına qarşı etikadan kənar yazıların qarşısını almaq üçün ictimai qınağın artırılması zəruridir. Məhz qeyd olunan problemlərin ictimailəşməsi problemin həllində daha effektiv ola bilər. Çünki, inzibati metodlar bir çox hallarda daha pis nəticələrə gətirib çıxarır. Həm də, ictimai qınaqla gələcəkdə bu kimi halların azaldılması daha inandırıcı görünür.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir