İşini dayandıran biznesmen ölkə başçısına üz tutdu
“Siz hakimiyyətə gələndə elə bildik ki, ölkəmiz inkişaf edəcək. Mən də varımı yoxumu toplayıb bir biznes qurdum. Çox uğurlu da iş görürdüm. Aylıq 30-40 min manat dövriyyəm var idi. Ayda özümə 4-5 min manat pul qazanırdım, vergimi verirdim. Onlarla insan bu işdən evinə, balasına çörək aparırdı. Kəndlilərin südünü alıb istehsal edib şəhərdə satırdım. Bu işdən uduzan yox idi, hamı qazanırdı. Amma o məşhur kinoda deyildiyi kimi, vergi gəldi sanepstansiya getdi, fövqəladə gəldi, uçaskovu getdi, icra gəldi, bələdiyyə getdi və sonunda biri gəldi varımı-yoxumu istədi və getmədi. Onda artıq mən getməli oldum” – bu sözləri son vaxtlar biznesi rüşvət və korrupsiya sistemi ilə çökdürülən iş adamı İlqar Həsənov deyir.
İlqar Səfərov hökümət ciddi ittiham edir və hesab edir ki, sahibkarlara süni şəkildə problem yaratmaqla onlara qarşı total hücumlar həyata keçirilir: “Bir müddət öncə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun layihəsini qəbul edildi. Guya 2 il müddətində sahibkar təsərrüfatlarında yoxlamaları dayandırmaq haqqında qərar verildi. Lakin ölkə başçısının verdiyi fərmandan sonra qəbul olunmuş qaydalarda göründü ki, nə Vergilər Nazirliyinə, nə İqtisadi İnkişaf Nazirliyinə, nə də digər strukturlara bu fərman şamil edilmədi. Onlar həmin köhnə qaydada necə yoxlamalar aparırdılarsa, bu, indi də davam edir. Bəzi çox kiçik səlahiyyətə malik olan qurumların, məsələn sanitar-epidemoloji stansiyaların yoxlamalarına müəyyən məhdudiyyətlər var. Onların obyektlərə girişində müəyyən problemlər var və həmin qurumların yoxlamaları ləngidilir. Əslində bu, özü müəyyən təhlükələrə yol açır” – deyə iş adamı bildirib.
O həmçinin ölkə başçısına üz tutaraq haqqını tələb etdiyini deyib: “Cənab İlham Əliyev, mənim haqqımı verin. Mən heç kimi aldatmırdım, heç kimi soymurdum. Halal yolla pulumu qazanıb dövlətə də vergimi verirdim, mənə cavab verin xahiş edirəm: niyə sizin məmur ordusu bizi bu günə salıb? Bəs Qurana əl basmışdın ki bizi qoruyacaqsan? Əgər bu ölkəni ədalətlə idarə edə bilmirsinizsə, istefa verib getsəniz yaxşıdır”.