İyunun 13-dən Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyası başlayıb. Sessiyanın ilk günündə BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Rad Əl-Hüseyn dünyada insan hüquqlarının vəziyyətilə bağlı bəyanatla çıxış edib.
Ali komissar bəyanatında Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərdən ciddi narahatlığını ifadə edib. O, Azərbaycan hökumətini vətəndaş cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi üçün səylər göstərməyə çağırıb.
İyunun 14-də isə Ali Komissarın bəyanatında səslənən fikirlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatlarının təmsilçiləri də iştirak ediblər. İnsan Hüquqları Liqalarının Beynəlxalq Federasiyası Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağırıb. “Human Rights Watch” təşkilatının sessiyada iştirak edən təmsilçisi də Azərbaycan, Bəhreyn və Rusiyada hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib.
İnsan Hüquqları üzrə Beynəlxalq Xidmət də Azərbaycan, Bəhreyn və Misirdə hüquq müdafiəçilərinin qanunsuz həbsinə və onlara qarşı sərt təzyiqlərə son qoyulmasına çağırıb.
Həmçinin “Article 19”, Senzuraya qarşı beynəlxalq mərkəz də Azərbaycan, Rusiya və Kombocada vətəndaş cəmiyyətinin fəaliyyətinin kəskin şəkildə məhdudlaşdırılmasının ciddi narahatlıq doğurduğunu bəyan edib.