Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olmaqda təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Namiq Hüseynov 10 il azadlıqdan məhrum edilib.
* * *
Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olmaqda təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edib. N.Hüseynov özünə güllənmə cəzası tələb edib: “Bu cəza mənim ömrüm boyu üzərimdədir. Qan almaq istəyirsinizə, 5 övladım var, onları da salın içəri ölsünlər. Görək, onda uşaqlarınız geri qayıdacaq?”.
Bu zaman prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb.
Prosesdə fasilə elan edilib.
* * *
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı zərərçəkmişlərin mülkü iddiasının təmin edilməsini də tələb edib.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.