“ABŞ prezidenti Donald Trampın administrasiyası Gürcüstanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatı dəstəkləyir”.
Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə jurnalistlərə bildirib.
ABŞ-ın vitse-prezidenti həyat yoldaşı Karen Pens və rəsmi nümayəndə heyəti ilə Gürcüstana dünən birbaşa Tallindən iki günlük səfərə gəlib. O, Tallində Estoniya, Latviya və Litva liderləri ilə görüşüb.
“Prezident Trampla birlikdə Gürcüstanın NATO-nun üzvü olmasına dair Buxarest sammitinin bəyanatını dəstəkləyirik. Gürcüstan xalqı sürətlə bu istiqamətdə hərəkət edir, demokratiya inkişaf edir, bu ölkənin qəhrəmanlıqları heyrətləndirməkdə davam edir”, – M.Pens Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.
O, həmçinin Əfqanıstandakı sülhməramlı missiyalarda iştirak etdiyinə görə Gürcüstan tərəfinə təşəkkürünü bildirib və NATO missiyalarında 31 gürcü hərbçinin canlarını fəda etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ bu istiqamətdə Gürcüstan tərəfinin səylərini yüksək qiymətləndirir.