Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı tanımasından sonra Türkiyə ilə yanaşı Azərbaycan da rəsmi Berlinə qarşı sərt təpgi sərgiləməkdədir. Azərbaycan XİN-dən tutmuş ölkə prezidentinə qədər Almaniyanı qınayan açıqlamalar, ölkədəki siyasi partiyaların anti-Almaniya bəyanatları qardaş Türkiyəyə verilən dəstək baxımından təqdirəlayiqdir. Lakin bununla belə Azərbaycanın Almaniyaya qarşı sərt mövqeyinin Azərbaycan-Almaniya münasibətləri baxımından müəyyən problemlərə səbəb olması da istisna deyil.
Maraqlıdır, Azərbaycan tərəfinin anti-Almaniya bəyanatları Azərbaycan-Almaniya münasibətlərində hansısa problemə səbəb ola bilərmi?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bütün hallarda Almaniyanın beynəlxalq aləmdəki rolunun nəzərə alınması gərəkdiyini vurğuladı:
“Azərbaycan Türkiyə ilə yaxın münasibətdə olan dövlətdir. Bizim Türkiyə ilə əlaqələrimiz təbii müttəfiq xarakteri daşıyır və strateji əhəmiyyətə malikdir. Görünür, məlum məsələ ilə bağlı Türkiyə tərəfindən belə bir istək olub. Azərbaycan və Türkiyə həm hərbi təhlükəsizlik, həm də xarici siyasət sahəsində birgə hərəkət etdiyindən, görünür bu məsələdə də birgə addım atmaq qərarına gəlinib. Xatırlayırsınızsa, Türkiyə Rusiya təyyarəsini vurandan sonra da İlham Əliyev açıq bəyanat verdi və bütün məsələlərdə Türkiyənin yanında olacağını bəyan etdi. Görünür, Türkiyə-Azərbaycan münasibətləri artıq elə bir səviyyəyə çatıb ki, tərəflər beynəlxalq və regional siyasətdə birgə hərəkət etməyə qərar veriblər. Bu, əslində müsbət hadisədir. Lakin bunu da nəzərə almaq lazımdır ki, Almaniya Avropa Birliyinin lokomotividir. Almaniya həm də hazırda ATƏT-in sədridir. Təbii ki, bu məsələ ilə bağlı münasibət bildirilməlidir. Çünki Bundestaqın qərarının anti-türk xarakteri daşıdığı ortadadır. ATƏT sədri olan Almaniyanın qondarma erməni soyqırımını tanıması təbii ki, Azərbaycanın da marağına ziddir. Bu baxımdan mövqe düzgün mövqe olsa da, Almaniyanın beynəlxalq aləm və münasibətlərdə oynadığı rolu da nəzər almaq lazımdır”.
Seymur Əliyev
24saat.org