Yenifakt.info

Müstəqil xəbərlər portalı

İctimai

ALMANİYADAKI HƏMVƏTƏNLƏRİMİZİN “MƏN ZƏHRAYAM” YÜRÜŞ-MİTİNQİ – REPORTAJ XÜSUSİ

“Bizim milləti dərd birləşdirir”… Bunu Düsseldorfa getmək üçün mindiyim qatarda arxa sırada əyləşən iki həmvətənimizdən eşitdim. Tez yerimi dəyişim yanlarında əyləşdim. Bonn Universitetinin tələbələri olan iki gənc Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva üçün keçiriləcək yürüş-mitinqinə gedirdilər. Əllərində də üçrəngli bayrağımız. Onlar kimi mənim də gözləntim böyük idi. Neçə gündür sosial şəbəkələrədə Almaniyada yaşayan həmvətənlərimizə bu yürüş-  mitinqlə bağlı çağırışlar edilirdi. Hər kəs də qatılacağını yazırdı.zehra1

Təşkilatçılar da bunu nəzərə alıb Düsseldorfun mərkəzi vağzalına yaxın  küçə boyunca yürüş-mitinq keçirmək üçün şəhər rəhbərliyinə müraciət  etmiş və müsbət cavab almışdılar. Qatarımız Düsseldorfa çatanda ilk baş  çəkdiyim yürüşün başlayacağı – Freiderich Ebert küçəsi 34 ünvanı oldu.  Buraya toplaşan yüzlərlə həmvətənimiz yürüş-mitinqə hazırlıqları  davam etdirirdilər.

Mitinqin vaxtı yaxınlaşdıqca təşkilatçıların toplaşdığı “Legat” hüquq  firmasınada da gərgin hazırlıq işləri gedirdi. Firmanın rəhbəri Əlövsət  Əliyevi xeyli həyəcanlı gördüm. O, gah mitinqlə bağlı plakatların  hazırlanmasına kömək edir, gah firmaya gələn müştərilərinə hüquqi  məsləhətlər verirdi.

Burada olarkən öyrəndim ki, yürüş-mitinqin iştirakçılarının təhlükəsizliyini Düsseldorf şəhər polisi qorucayaq. Polislər də, saatlar öncədən yerlərini almışdılar. Onlar maşın, motosiklet və velosipedlərlə yürüş iştirakçılarını müşayiət edəcəkdilər.

zehra2Yürüş-mitinq başladı….

Təyin olunan vaxtda-11:30-da 2 yaşlı Zəhra üçün keçirilən yürüş-mitinq başladı. Gözləntilərimiz özünü doğrultmuşdu. İlk dəfə idi ki, bu qədər azərbaycanlınını bir yerdə görürdük. Yürüşə qatılanların çoxu Zəhra ilə həmyaşıd uşaqları ilə gəlmişdilər. Bayrağımız və Zəhranın şəkili olan almanca yazılı posterlər də əllərində. “Erməni işğalına son”, “Mən Zəhrayam” şüarları ilə başlayan aksiya Freiderich Ebert küçəsi boyunca davam edirdi. Yürüş-mitinq yerli almanların və küçədən keçən turistlərin də diqqətini cəlb etmişdi. Onlar yürüş iştirakçılarına yaxınlaşıb Zəhranın nədən və kimlər tərəfindən öldürülüdüyünü öyrənməyə çalışırdılar. Eyni zamanda küçədən keçən sürücülər də siqnal verərək yürüş-mitinqinə dəstəklərini ifadə edirdilər.

zehra3 “Bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq… ”

Yürüşün bitiş nöqtəsi olan Graf Adolf Platz-a çatanda isə, təşkilatçılar        Azərbaycan, ingilis və alman dillərində çıxışlarını etdilər. İlk söz alan “Kanal13”  internet televiziyası və “Avropost” qəzetinin baş redaktoru Anar Orucovun çıxışı  təsirli idi: “Zəhra! Mənim mələk qızım… Bu məktubu sənə yazıram – həyatda heç  vaxt üzünü görmədiyim bir mələyə! Düşüncələr içindəyəm, bu sətirləri yaza –  yaza düşünürəm ki, sənin necə acı olduğunu belə bilməyə ömrün yetməyən bu  həyat, həm də necə təzadlıdır, gözəl qızım: çünki bu məktubu sənə yazma  nədənim də elə sənin bu məktubu heç vaxt oxuya bilməyəcəyin səbəbindən  yaranıb… Zəhra, mənim balam, bilirəm ki, sən bu məktubda sənə nə  yazdıqlarımdan heç vaxt xəbər tutmayacaqsan – ona görə yox ki, sən hələ çox kiçiksən, 2 yaşın belə tamam olmayıb, oxuya bilmirsən hələ, ilk hərfləri hələ bundan 4 il sonra öyrənməli idin… Yox! Ona görə ki, sən indi mələklərin olduğu bir məkandasan, əlifbanın, hərflərin, sözün, kəlmələrin heç bir önəm kəsb etmədiyi bir məkanda… Zəhra qızım, amma sənə yazıram, yazmaq istəyirəm – bu gecə ürəyim o qədər narahatdır ki, bir bilsən…

zehra6Sabah sənin adını şüar edən yüzlərlə həmvətənin Almaniya adlı Vətənimizdən çox-çox uzaq, yad, soyuq bir məmləkətdə “Mən Zəhrayam” deyə sənin başına gələnlərə etiraz edib, küçələrə çıxacaqlar, sənin yarım qalmış taleyini dünyaya duyurmağa çalışacaqlar, sənin işğal olunmuş Vətəninə dünyadan ədalət istəyəcəklər. Sənin kimi bir mələyə qıymış o terrorçu, işğalçı erməni adını bir daha bu qoca dünyada hayqırb, lənətləyəcəklər, qızım! Zəhra mən səni bu həyatda sağ ikən tanımadım, tanımaq nəsib olmadı, amma sənə “qızım” deyirəm, bilirsənmi, Zəhra, düzünü deyim ki, mənim heç vaxt qızım olmadı, heç vaxt sənin kimi bir mələk bu günədək mənə “ata” demədi, amma inan ki, sən mənə o qədər doğmasan ki, o qədər canımdasan ki, o qədər içimdəsən ki, o qədər ağrıdırsan ki ürəyimi… Sənin cansız bədəninin şəkli olan plakatlar çap etmişik, sabah əllərimizə götürüb sənin məsumluğunu, qatillərinin amansızlığını dünyaya göstərəcəyik. İndi bu şəkillərə baxırdım, yoxlayırdım ki hər şey görüm qaydasındamı: sabah sənin adına bir əskik olmasın deyə, gözəl qızım… birdən sanki qulağıma qeyri-adi bir səs gəldi, uşaq səsi, mehriban və gülümsəyən bir uşaq səsi…

zehra5

 

Elə bildim ki, sənsən “ata” deyirsən, məni səsləyirsən… Gözüm  cansız bədəninin şəklində, qulağım sənin bildiyim o səsdə – Allahın  möcüzəsi idi. Bilmirəm, bəlkə doğrudan da sən idin… Bəlkə  doğrudan da məni səsləyirdin, mələyim mənim! Bəlkə yatmış  vicdanlarımızı oyatmaq istəyirdin, bir mələyin intiqamı üçün!  Bəlkə haqsızlıqdan, ədalətsizlikdən, Vətənsizlikdən,  Qarabağsızlıqdan, indi də sənsizlikdən ağlayan qəlbimi ovudurdun  “ata” deyə, Zəhram! Bəlkə dünyamıza bu gecə mənim qızım kimi  yenidən qayıdırdın, körpə balam. Yoxsa, beləcə təşəkkürmü edirdin  yarım qalmış məsum taleyini dünyaya duyuranlara, gözəl qızım…  Sənə demişdim bu məktubda bir az əvvəl ki, həyat qəribədir:  bilirsənmi, yəni sən mənim həm qızım, həm də bacımsan, Zəhra:  ona görə ki, ikimizin bir anası var – adına Azərbaycan deyirik,  qızım! Anamıza and olsun ki, məsum balam, sənin intiqamını  alacağıq və bir gün mən sənin yanına gələndə bu oxuya bilmədiyin məktubu da, 15 iyulda sənin adına keçirdiyimiz bu etirazı da, gün gəlincə uca Vətənimizi işğaldan necə azad etdiyimizi də, anamız Azərbaycanı necə xoşbəxt edə bildiyimizi də və sənin adından başlayan bu yolun bizi daha nələrə, haralara qədər apardığını da bircə-bircə sənə söyləyəcəm… Bəlkə onda yenə də üzümə şirin-şirin gülüb təşəkkür etdin, məni qucaqladın, mənə bir daha “ata” dedin… Bilmirəm, bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq, darıxacaqsan məni yanında görməyə, gözəl balam.. Amma yanına üzüağ gəlməyim, anamız Azərbaycan qarşısında borcumu verə bilməyim üçün hələ həyatda olsam da, yolumu gözlə, mələk qızım, gələcəyəm, mütləq gələcəyəm!”

zehra4Əlövsət Əliyev: “400 nəfərdən çox həmyerlimizin şüarlar söyləyərək irəliləməsi fərəhləndirici idi”

Növbəti çıxış edən “Legat” hüquq firmasının rəhbəri Əlövsət Əliyev nitqinə mitinqə gələnləri salamlayıb təşəkkür etməklə başladı: “Hər birinizə tək-tək təşəkkür edirəm. Belə bir gündə bizi tək qoymadınız. Qatılım gözlədiyimizdən də çox oldu. Hesab edirəm ki, yürüş-mitinqimiz zamanı diqqəti erməni qəsbkarları tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra balamızın faciəsinə çəkə bildik. Səsləndirilən şüarlar, açılana plakatlar yerli almanlarla yanaşı yoldan keçən turistlərin də marağına səbəb olmuşdu. Çalışdıq onlara bu faciə barədə dolğun məlumat verək. Hesab edirəm ki, buna nail olduq. Az öncə mənə məlumat daxil oldu ki, yüzlərlə həmvətənimiz yürüş-mitinqinin topalanış yerindən bura doğru irəliləyirlər. Onlara da öz təşəkkürümü bildirirəm. Doğurdan da, Düsseldorfun ən gur prospektlərindən biri hesab olunan Karlstrasse ilə 400 nəfərdən çox həmyerlimizin  şüarlar söyləyərək irəliləməsi fərəhləndirici idi.zehra7 Bu tədbir bir daha onu göstərdi ki,  xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi , təşkilatlanması vacibdir və buna  vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəs  öz tövhəsini verməlidir. Bir daha tədbirdən iştirak edən hər kəsə təşəkkürümüzü  bildiririk. Eyni zamanda tədbirin işıqlandırılmasına cəhd edən dostlara da çox sağolun  deyirəm. Ümid edirəm ki, yaxın illərdə Almaniyada yaşayan azərbaycanlıların  təşkilatlanması digər ölkələrdə yaşayan soydaşlarımız üçün nümunə olacaq”.

Yürüş-mitinqi ingilis dilində təşkilatçılar tərəfindən hazırlanan bəyanatın oxunması ilə  sona çatdı.

Sonda onu bildirim ki, yürüş-mitinqinin əsas təşkilatçıları Almaniyada fəaliyyət göstərən  “”Azərbaycan” Mədəniyyət və İdman Cəmiyyəti”, “İnteqrasiya və İnkişaf Mərkəzi”  “Legat” hüquq firması və “Avropost” qəzeti idi.

Musavat.com – Düsseldorf-Almaniya

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir