Ağır Cinayətlər Məhkəməsi nazir qardaşının pullarını araşdırır
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovun işi gəlib Bakı Ağır Cinayətlər Məhkəməsinə çıxıb. Söhbət CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə başlanmış cinayət işindən gedir.
“Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibi olan Əlikram Camalov bu işdə zərərçəkən tərəf kimi tanınıb. Təqsirləndirilən Samir Nəbiyev 2017-ci ilin yanvarında onun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub. Nazirin qardaşı iddia edir ki, Nəbiyev onun etibarından sui-istifadə edib 18 min manat və 2 min 500 dollarını mənimsəyib.
Təqsirləndirilən Samir Nəbiyev həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Hərçənd, Əlikram Camalov onun həbs olunmasını istəyib, bu haqda vəsatət də qaldırıb. Amma Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması və başqa əsaslarla vəsatət təmin olunmayıb.
“QAZANC OLARAQ 1500 MANAT VERDİM”
Hadisəyə gəlincə, Samir Nəbiyev nazirin qardaşından 18 min manat və 2500 dolları aldığını inkar etmir. Amma deyir ki, məsələ heç də Əlikram Camalovun dediyi kimi olmayıb. O, kimsənin etibarından sui-istifadə edib onu aldatmayıb. Nazir qardaşı hələ birinci dəfə 18 mini verəndə də razılaşma belə olub ki, S. Nəbiyev qazancının yarısını ona versin.
S. Nəbiyev istintaqa ifadəsində deyib ki, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasını icarəyə götürüb işlədirdi. Razılığa gəliblər ki, Ə. Camalov avadanlıq alışı üçün lazım olan pulu ona verəcək, qazancı da yarıbayarı böləcəklər. Təqsirləndirilən şəxsin sözlərinə görə, nazirin qardaşı 2015-ci il noyabrın 3-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisində ona 18 min manat, 2016-cı il fevralın 1-də 2500 dollar pul verib.
“Əlikram Camalov mağazamızın müştərisi idi. Məndən elektrik avadanlıqları alırdı. Münasibət də buradan yaranıb. Öz ofisində mənə 18 min manat verdi və işə başlayandan sonra ilk ayda qazanc olaraq ona 1500 manat verdim”, – Samir Nəbiyev ifadəsində bildirib.
“10 GÜNDƏN BİR 700 DOLLAR QAZANC VERMƏLİYDİM”
Təqsirləndirilən şəxs deyir ki, həmin il manatın devalvasiyaya uğramasından sonra maddi durumu pisləşib: “2015-ci ilin dekabrında devalvasiya oldu. İşlə bağlı çətinliklər, problem yarandı, alış-veriş çox zəiflədi.
Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim. Bir gün dedi ki, manat günü-gündən zəifləyir, ona görə də verdiyi pulu dollarla hesablamağımızı istədi. Mən də razılaşdım. Hesabladıq, devalvasiyadan sonra məndə qalan pul 11 min 613 dollar edir və bundan sonra ona hər ay qazanc olaraq 1250 dollar verəcəkdim. Sonra Əlikram Camalov yaşlı adam olduğu üçün oğlunun adına formal müqavilə bağladıq. Oğlunun adına olmasını özü istəmişdi. Mən də bunun əhəmiyyətli bir şey olmadığnı düşünüb razılaşmışdım”.
Daha sonra yenə də pula ehtiyacı olan Nəbiyev nazir qardaşına müraciət edib və ondan 2500 dollar istəyib: “Buna görə də hər on gündən bir 700 dollar qazanc verməliydim. 2500 dollara görə 20 gün ərzində Əlikram Camalova 1500 dollar verdim. Yəni ümumilikdə 18 min manata görə, 5 min manat, 2500 dollara görə isə 1500 dollar xeyir vermişəm ona”.
Samir Nəbiyevin dediyinə görə, 2016-ci ilin fevralından tamamilə iflasa uğrayıb. Ona görə də mağazada qalan malları hissə-hissə sataraq borclu olduğu adamların pulunu qaytarıb.
Nəbiyev deyir ki, nazir qardaşının da pulunu qaytarmağa çalışıb, hətta ona elektrik malları verməyi də təklif edib. Amma Əlikram Camalov razılaşmayıb, pulunu istəyib.
“Mən dələduzluq eləməmişəm. Sadəcə, vəziyyət pisləşib, borcu qaytara bilməmişəm”, – Samir Nəbiyev belə deyib.
“ETİBARIMI QAZANDI…”
Ə. Camalov isə istintaqa ifadəsində iddia edib ki, S. Nəbiyev qəsdən ona ziyan vurub:
“Deyirdi ki, məni başqa müştərilərdən fərqləndirir, mənə avadanlıq satışında endirim edir. Beləliklə, etibarımı qazandı. 18 mini alanda dedi ki, hər ay 4 min manat qazancın 2 min manatını mənə verəcək. Ancaq elə birinci ay dedi ki, işlər yaxşı deyil, 3 min manat qazanıb, ona görə də 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi”.
Ə. Camalovun sözlərinə görə, bir müddət sonra S. Nəbiyev zənglərə cavab verməyib. O da mağazaya gedib: “Söz verdi ki, malları satıb pulumu qaytaracaq. Oğlumla mağazasına gedəndə gördük ki, artıq mağaza bağlanıb”.
Bu iş üzrə məhkəmə iyunun 21-nə təyin olunub. (azadliq.org)