Mehman Sadıqov: ”Yüzlərlə adam saxlanılan həbsxanada belə problemlər ola bilməz”
2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan NİDA-çı Qiyas İbrahim iyunun 1-də anası Şura Əmiraslanova ilə əlaqə saxlayıb.
Ş.Əmiraslanova bildirib ki, oğlunun dediyinə görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət acınacaqlıdır:
“Bir yandan yayın istisi, bir yandan da müəssisənin problemləri. Qaz, işıq yoxdur, soyuducu işləmir. Ventilyasiya sistemi sıradan çıxıb. Bunun hamısını məhbuslar etməlidir. Bəs müəssisənin rəhbərliyi nə işə baxır? Bunun bir sonu olmayacaq?”
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov deyilənlərin doğru olmadığını bildirib.
O, təəssüflənib ki, Şura Əmiraslanova vaxtaşırı bu cür açıqlamalarla diqqəti özünə cəlb etmək istəyir:
“Mən onu insan kimi başa düşürəm. Amma bu dərəcədə yalan olmaz axı. Bu cəfəngiyyatdır. Son illərdə 2 saylı Cəzaçəkmə Müəssisəsində çoxlu işlər görülüb. Yüzlərlə adam saxlanılan həbsxanada belə problemlər ola bilməz. Suyun verilməməsi mümkünsüzdür, xəttə su olmasa belə, anbarda su var. Necə yəni qaz, yaxud işıq olmasın, bu, münmkünsüzdür”.
Mehman Sadıqov
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddələrin dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
Sonradan Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək “balalarınızdan görəsiz…” deyib.
Bu, hakimə hörmətsizlik kimi qəbul edilib. Bu ittihamla Q.İbrahimovun cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.
Q.İbrahimov və B.Məmmədov narkotik ittihamı üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə də deyiblər ki, keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs ediliblər.
“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib.
Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər.///Meydan.tv