Almaniya başda olmaqla bir neçə NATO dövləti alyansın 2018-ci ildəki sammitinin Türkiyədə keçirilməsinə qarşı çıxıb.
Bu barədə “Die Welt” NATO-dakı yüksək vəzifəli rəsmilərə istinadən məlumat yayıb.
“Biz Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirmək istəmirik. Və elə qənaət yaratmaq istəmirik ki, NATO Türkiyə hökumətinin siyasətini dəstəkləyir”, – deyə mənbə bildirib.
NATO-nun 2016-cı ildə Varşavada keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti sammitin ölkəsində təşkilini təklif etmişdi.
Almaniya, Fransa, Hollandiya və Danimarka dərhal təklifə qarşı çıxmış və sammitin Brüsseldə keçirilməsini məqsədəuyğun hesab etmişdilər.
Məsələ ilə bağlı yekun qərar NATO dövlətləri müdafiə nazirlərinin bu ilin iyununda baş tutacaq görüşündə qəbul olunacaq.