Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərov Ali Məhkəmənin hakimi Gülzar Rzayevaya müraciət edib.
Bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib.
Vəkil qeyd edib ki, R.Səfərov iyunun 20-də Ali Məhkəmədə Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılması prosesində iştirak etmək istəyir. Bu məqsədlə təqsirləndirilən şəxs həmin prosesdə iştirakının təmin edilməsi üçün hakimə müraciət ünvanlayıb.
Xatırladaq ki, iynun 20-də Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə R. Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılacaq.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.