Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Göyçay rayonuna güclü dolu düşüb

Bu gün saat 16:00 radələrində Göyçay rayonuna güclü dolu düşüb və güclü küləklə müşayiət olunan leysan yağışı yağıb.
APA-nın məlumatına görə, təqribən 20 dəqiqə davam edən dolu və qasırğa təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Dolu meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Güclü külək və leysan yağışı rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır, Şəkər, Ləkçiplaq kəndlərinə böyük ziyan vurub. Evlər və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Güclü küləyin təsiri nəticəsində iri gövdəli çinar ağacları, elektrik dirəkləri aşıb, naqillər qırılıb. Rayonun enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Rayon mərkəzi və kənd yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.
Yerli sakinlər belə güclü dolu və qasırğanın uzun illərdir ki, Göyçayda müşahidə olunmadığını bildirirlər. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb və hazırda davam edir. Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib. “Ağaclarda nəinki yetişməmiş meyvələr, yarpaqlar belə tökülüb. Zəmilərdə taxıl tamamilə yatıb”, deyə kənd sakinləri bildirib.
Dolu və qasırğanın vurduğu ziyanın həcmi hələlik məlum deyil. Meyvə ağacları, pomidor və xiyar istixanaları yağan güclü dolu və külək nəticəsində tamamilə bərbad vəziyyətə düşüb. Ağacların yarpaqları və üzərində olan meyvələr tələf olub. Külək istixanaların üzərində olan sellofon örtükləri cıraraq istixanadakı tərəvəz məhsullarını yararsız hala salıb. Kənd sakinlərinin sözlərinə görə bu il rayonda kənd təsərrüfatı sahəsində məhsul çox az olacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir