Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Bayram Məmmədov məruz qaldığı işgəncələrdən danışdı

“Onlarbayram məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb göydən yerə çırpdılar”

 

Mayın 11-də həbs edilən gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov işgəncəyə məruz qalıblar. Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yayıb. Vəkil mayın 16-da Bakı İstintaq Təcridxanasında Bayram Məmmədov və Qiyas İbrahimovla görüşdüklərini deyir: “Artıq kameraya köçürülüblər. Saxlanma şəraitindən şikayətləri yoxdur. Bədənlərində işgəncə izləri var, xüsusilə də Bayram Məmmədovun bədənində, başında, ayaqlarında, qollarında. Qiyas İbrahimov dedi ki, qraffity işini yerinə yetirib, Bayram Məmmədov isə şəkilini çəkib Facebokda paylaşıb. Həmçinin bunu əsgər ölümlərinə son verilməsi, 10 may tarixinin şəhidlər günü olmasına, ölkədə olan ədalətsizliyə görə etdiklərini dedilər”.

 

Bayram Məmmədov məruz qaldığı işgəncə faktı ilə əlaqədar vəkilin adına izahat da yazıb. Meydan TV həmin izahatı təqdim edir:

 

“10 may 2016-cı il, saat 14-15 radələrində 3 nəfər mülki geyimli şəxs ağ rəngli “Jip” modelli avtomobilə məni zorla basaraq, 12-ci polis bölməsinə gətirdilər. Məni rəisin otağına gətirdilər. Otaqda 7-8 mülki geyimli şəxs var idi. Onlar məni yumruq, şillə və təpik zərbələriylə döyməyə başladılar. Məndən nə üçün heykəlin şəklini çəkdiyimi, bu işdə kimlə əlbir olduğumu soruşaraq davamlı olaraq döyürdülər. Döyülməkdən demək olar ki, heç nə eşitmirdim və huşumu itirmişdim. Huşumu itirdiyimdəm forması və markasını xatırlamadığım avtomobildə məni BŞPİ-də gətirdilər. Orda yenidən məni döyməyə başladılar ki, mənə qarşı irəli sürülən narkotik ittihamını etiraf edim. Belə bir şeyin olmadığını, indiyə qədər narkotik maddə görmədiyimi deyəndə, məni heykəlin şəklini çəkdiyimə görə tuta bilməyəcəklərini bildirib, daha şiddətlə döyməyə başladılar ki, saxta narkotik ittihamını etiraf edim. Onlar məni hər döyəndə söyürdü. Şalvarımı çıxarıb dubinka ilə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə, məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. Və onların tələb etdiyi məzmunda izahat-ifadə verdim.

Sonra məni generalın yanına aparıb “əgər heykəlin qarşısına gül qoyub və AzTV-yə danışsan, heykəldən üzr istəsən, səni buraxacağıq” dedilər.

Mən bundan imtina edəndə aparıb yenidən döydülər. Daha sonra gecə 00.30 radələrində Nərimanov MSY-ə gətirdilər. Ayın 11-də səhər tezdən rəis məni həyətə çıxararaq yeri təmizləməyi, siqaret kötüklərini yığmağı tələb etdi, imtina etdikdə məni şillə-yumruqla döyməyə başladı. Yenə imtina etdikdə işçilərə göstəriş verdi ki, aparın dubinkanı soxun buna, şəklini çəkin. Bundan sonra məcbur olub razılaşdım. Əlimə süpürgə və xəkəndaz verib, şəklimi çəkdilər. Sonra bu döyülmələr mütəmadi xarakter almağa başladı. Mayın 12-də məhkəmədən qayıtdıqdan sonra MSY-nin rəisinin otağına apardılar, orda rəisdən başqa 2 mülki şəxs vardı, onlar məndən heykəlin şəklini çəkməkdə əlbir olduğumu soruşmağa, müxtəlif şəxslərin adını çəkərək, onlara qarşı ifadə vermək üçün dilə tutmağa başladılar. Bildirdilər ki, heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış, hələ ki, gec deyil, səni azad edək. Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib “aparın, bununla bir az məşğul olun” – dedi. Onlar məni aşağı apardılar. Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladıar.

Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar.

Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb göydən yerə çırpdılar. 4-5 dəfə yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb ağzıüstə əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dubinkanın arxasıyla sinəmə və dizimə zərbələr endirməyə başladılar. Ağrılardan və zədələrdən tam halsızlaşanda və onlar məni döyməkdən yorulanda kürəyi üstə uzadıb üzümü tam örtən kağız qoydular ki, yerə düşsə yenə də vuracaqlar. Kağız tərpəndikcə, zərbələrə davam edirdilər.

Bir müddətdən sonra yenidən tələb etdilər ki, ayaqyolunu təmizləyim. Bundan imtina etdikdə məni daha şiddətli, əllərində kamera döydülər.

Bundan sonra mən huşumu itirmişəm, sonra üzərimə su töküb ayıltdılar. Ayaqyalın vəziyyətdə sürütdəyərək, öz hücrəmə apardılar. Hazırda qollarımda, ayaqlarımda, dizimdə işgəncə nəticəsində yaranmış açıq, qapalı və çoxlu qançırlar var. Açıq yaralar biləyimdə və əllərimdədir. Zərbələrdən hələ başımda ağrılar var. Ayaqlarımda da açıq yaralar var. Sidiyim qan qarışıqlıdır, yemək yeyərkən çənəmdə kəskin ağrılar olur, döş qəfəsim, qabırğalarım, ayaqlarım, əllərim, hər yerim ağrıyır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir