Xam neftin üç aylıq hasilat həcmi bir milyon tondan çox azalıb. Hasilatın düşmə tempi 2,6 dəfə sürətlənib.
Bu ilin yanvar, fevral, mart aylarında xam neftin hasilatına dair ARDNŞ-in yaydığı məlumatlardan belə məlum olub. Məlum olub ki, cari ilin I rübündə ölkə üzrə 9,5 milyon ton xam neft hasil edilib. Halbuki ötən ilin eyni dövründə neftin hasilat həcmi 10,5 milyon ton olmuşdu. Odur ki, hasilatın rüblük həcmi üzrə azalma 10%-ə yüksəlib. Rüblük tendensiya durdurulmasa, ilin sonunadək hasilat həcmi 4 milyon tona qədər azala bilər.
Xatırladaq ki, 2010-cu ildə ölkə üzrə 50,8 milyon ton, 2016-cı ildə isə 41 milyon ton neft hasil olunub. Son 6 ildə hasilat həcmi 9,8 milyon ton və ya 19%-dən çox azalıb. Hasilat hər il orta hesabla 1,6 milyon ton, hər rüb orta hesabla 407 min ton düşüb. Beləliklə aydın olur ki, cari ilin I rübündə neft hasilatının azalma tempi (bir milyon 51 min ton) son 6 ilin orta rüblük göstəricisini 2,6 dəfə üstələyib (1051 : 407 ≈ 2,6 ).
İqtisadiyyatın lokomotivi sayılan neft hasilatının hazırkı şəraitdə düşmə tempinin bu dərəcədə sürətlənməsi hökumət üçün həyəcan siqnalı olmalıdır. Xam neftin dünya bazar qiymətlərinin aşağı düşmə riskinin yüksək olması da nəzərə alınmalıdır. Bu hesabla itkilərin çevrəsi daha da böyüyə bilər.