Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Apellyasiya məhkəməsi də bloqqerə ‘yox’ dedi

Bu gün, aprelin 27-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan bloqqer Mehman Hüseynovun işgəncə iddiaları ilə bağlı aşağı məhkəmənin qərarından verilən şikayətə baxıb.

Bu haqda AzadlıqRadiosu-na bloqqerin vəkili Elçin Sadıqov məlumat verib.

Şikayətə hakim Qail Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti baxıb.

Vəkil deməsinə görə, M.Hüseynovun iştirak etmədiyi məhkəmə prosesindəki çıxışında bloqqerin yanvarın 9-da inzibati qaydada saxlanarkən işgəncəyə məruz qaldığını bildirib. O, işgəncə faktları üzrə cinayət işi açılmasından ötrü Bakı şəhər prokurorluğuna müraciət etdiklərini xatırladıb. Ancaq həmin qurum yanvarın 19-u cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verib.

Bloqqerin müdafiəçilərinin həmin qərardan məhkəmə nəzarəti qaydasında verdikləri şikayəti isə Səbail rayon Məhkəməsi təmin etməyib.

Vəkil həmin qərarın qanunsuz olduğunu bildirərək ləğv edilməsini məhkəmədən xahiş edib.

Ancaq məhkəmə aşağı instansiyanın qərarını əsaslı sayaraq qüvvədə saxlayıb.

E.Sadıqov qərarla razılaşmadıqlarını, yuxarı məhkəmələrə şikayət verəcəklərini bildirib.

Yanvarın 9-da axşam bloqqer Mehman Hüseynovun yoxa çıxması ilə bağlı sosial mediada məlumat yayılmış, bir gün sonra – Nəsimi Rayon Məhkəməsində hakim önünə çıxarılarkən, onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.

Nəsimi rayon Məhkəməsi bloqqeri polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilərək, onu 200 manat cərimələmişdi. Mehman Hüseynov məhkəmədən sonra ona polisdə işgəncə verildiyini iddia etmişdi.

Bu açıqlamanı polisə böhtan sayan Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə üz tutmuşdu.

Həmin şikayət əsasında Suraxanı rayon Məhkəməsi martın 3-də bloqqerə 2 il həbs cəzası kəsib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir