Ötən gecə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən və ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar”da yanğın baş verib.
Hadisə nəticəsində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi FHN əməkdaşları tərəfindən yanğından mühafizə olunub. Yanğın gecə saatlarında söndürülüb.
Musavat.com-un əməkdaşı bu gün yanğın baş verən bazarda olub. Mağazası yanmış sahibkarların verdiyi məlumata görə, onlar mallarını tam çıxara bilməyiblər. Çünki yanğınla bağlı gec xəbər tutublar, həm də alovun şiddəti güclü olub.
İyirmiyə yaxın piştaxtanın yandığı bazarda yanmış ərzaqlar, qida məhsulları, tərəvəz və meyvələr yerlərə tökülüb. Sahibkarlar və fəhlələr yanmış bazarda olan zibilləri çıxarmaqla məşğul olurlar. Piştaxtaların üzərində yanmış məhsulları görmək belə, dəymiş ziyanın miqdarını bilməyə kifayət edir.
“Hələ gətirdiyim məhsulun pulunu ödəməmişdim, hamısı yandı”
Satıcıların sözlərinə görə, onlara külli miqdarda ziyan dəyib: “Bəzi satıcılar öz mallarını çıxarda bildilər. Amma böyük əksəriyyət mənim kimi ziyana düşüb. Piştaxtam tamamilə yanıb. Kartof, soğan satırdım. Hamısı yanıb, məhv olub. Geridə qalanlardan bir şey çıxmaz. Hələ gətirdiyim məhsulun pulunu ödəməmişdim, hamısı yandı. Çox ziyandayam. Ümidim veriləcək olan kompensasiyayadır. Bəlkə o məni xilas edər. O da bəlkə…”
“İndiki dövrdə bundan pis nə ola bilərdi?”
Yanğın zamanı ziyana düşmüş satıcılardan biri isə hadisəni belə təsvir etdi: “Gecə zəng etdilər ki, bazar yanır. Dəli oldum. Alverçi adamlarıq. Varımız da, dövlətimiz də bazardadır. Onlar yandısa, deməli, hər şeyimiz yandı. Qaça-qaça gəldim bazara… Gördüm, aləm bir-birinə dəyib. Mən gələndə təqribən 40-45 dəqiq idi ki, bazar yanırdı. Alovlar elə şiddətli idi ki, içəri girmək mümkün olmadı. Tez gələnlər malını çıxardı. Mənim kimi gecikənlər düşdü, ziyana… Ona yaxın soyuducu yanıb, bəziləri isə qismən sıradan çıxıb. Bunlar hamısı puldur. İndiki dövrdə bundan pis nə ola bilərdi? İndi bazar rəhbərliyi ilə görüşəcəyik. Dəymiş ziyan hesablanır. Deyəsən, ziyanımızı qarşılayacaqlar”.
“Hazırda dəymiş ziyanın hesablanması üçün satıcılarla görüşürük”
Satıcılarla söhbətdən sonra bazar rəhbərliyi ilə danışmağa getdik. Direktor müavini olan və soyadını açıqlamaq istəməyən Ceyhun adlı şəxs bildirdi ki, yanğın zamanı təqribən 16 piştaxta yanıb: “Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda dəymiş ziyanın hesablanması üçün satıcılarla görüşürük. Dəqiq miqdar deməyimiz çətindir. Bəzi piştaxta sahibləri öz mallarını çıxarıblar, bəziləri isə bunu edə bilməyiblər, malları yanıb. Yanğının nə üçün baş verdiyi hələlik məlum deyil. Onu FHN araşdırır. Dəymiş ziyanın miqdarı bəlli olduqdan sonra sahibkarlara kompensasiya ödənilməsi barədə işlər aparacağıq”.
Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.