Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

London: Moskva Monteneqroda (Çernoqoriya) çevriliş etmək istəyib

“The Telegraph” qəzetinin müdafiə məsələləri müxbiri Ben Farmer Britaniya hökumət mənbələrinə istinadən yazır ki, Rusiya Monteneqronun qərbyönlü liderini zorakı çevrilişlə devirməyə cəhd göstərib.

Məqalədə deyilir ki, bu iddialara görə Moskva bu ölkədə keçiriləcək seçki günündə Monteneqronun baş nazirini fiziki cəhətdən məhv etməyi planlaşdırırmış.

Bu çevriliş Monteneqronun NATO-ya üzv olmasının qarşısını almalıymış.

“The Telegraph” Britaniya hökumətindəki mənbədən aldığı məlumat əsasında yazır ki, çevriliş ötən ilin 16 oktyabrında həyata keçirilməliymiş.

Həmin mənbənin verdiyi məlumata görə Britaniyanın xarici işlər naziri Boris Johson bu məsələni amerikalı həmkarı Rex Tuillersonla müzakirə edib.

İnterpol hazırda bu çevrilişi həyata keçirməyə hazırlaşan iki rus kəşfiyyat zabiti üçün axtarış elan edib.

Məqalədə deyilir ki, bu iki zabit seçkiyəqədərki dövrdə aylarla müşahidə aparmış və serb millətindən olan bir neçə şəxsdən ibarət çevriliş qrupu hazırlamışdı. Onlardan biri yerli polisin formasında baş nazir Milo Djukanovic-i qətlə yetirməliymiş.

Kreml bu iddiaları qətiyyətlə rədd edib, Monteneqronun baş prokuroru isə birbaşa Moskvanı yox, “rus millətçilərini” ittiham edib.

Monteneqronun moskvapərəst müxalifəti bu idiaları “saxta” adlandırıb.

Xəbər verilir ki, iddiaları araşdıran Britaniya və ABŞ kəşfiyyatçıları Monteneqroya yüksək səviyyədə Rusiya müdaxiləsinin əlamətlərini aşkar ediblər.

Hazırda bu işlə bağlı həbs edilmiş 21 nəfər prokurorluq orqanlarına ifadə verir.

Monteneqronun müdafiə naziri Predrag Bosković “The Telegraph” qəzetinə deyib ki, çevriliş planının Rusiya kəşfiyyatı tərəfindən cızıldığına heç bir şübhə ola bilməz.

Bu yaxınlarda Britaniya hərbi kəşfiyyatı MI6-nın rəhbəri Alex Younger deyib ki, Rusiya kimi ölkələr Qərbi Avropada demokratiyanın əsaslarını sarsıtmaq cəhdləri göstərirlər.

Oktyabr çevriliş cəhdindən əvvəl Moskva dəfələrlə Monteneqroya NATO-ya qoşulmaq planlarından əl çəkməsi barədə xəbərdarlıq verib.

Moskva, əhalisi 600 min nəfər olan bu ölkənin özünün nüfuz dairəsində olduğunu düşünür və özü Monteneqronun Adriatik dənizi limanlarına sahiblənmək istəyirdi.

“The Telegraph” yazır ki, seçkidən əvvəlki aylarda Moskva Monteneqronun rusiyapərəst müxalifəti – Demokratik Cəbhənin dəstəklənməsi üçün milyonlarla dollar vəsait xərcləmişdi.

Ölkənin xüsusi prokuroru bəyan edib ki, paytaxt Podqoritsada seçkilər elan edilərkən çox güman Rusiya agentləri parlament qarşısındakı müxalif izdihamın arasında olublar.

Hökumət mənbəyindən alınan məlumata görə bu izdiham müəyyən siqnalla parlament binasına soxulmalı və hakimiyyəti devirməli idi.

Prokuror deyib ki, onlardan polis formasında olan bəziləri vətəndaşlara atəş açacaq və kütləni hərəkətə gətirəcəkdi.

Prokuror Milivoje Katnic deyib ki, çevrilişdən məqsəd təkcə hakimiyyəti dəyişmək yox, həm də ölkə başçısını qətlə yetirmək olub.

Bu arada NATO-nun yüksək rütbəli rəsmilərindən biri deyib ki, alman əsgərlərin Litvada guya zorlama törətdikləri barədə saxta xəbərin arxasında Rusiya dayanır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir