Yenifakt.info

Müstəqil xəbərlər portalı

İnsan haqları

“Bu fərmandan sonra“işıq məhbusları” hansı məntiqlə həbsdə saxlanılır?”

AXCP sədri Əli Kərimli ölkə başçısı İlham Əliyevin məcburi köçkünlərin kommunal xərclərinin ödənməsinə dair yeni fərmanla əvvəlki fərmanına dəyişiklik etməsinə münasibət bildirib. AXCP sədri feysbuk səhifəsində yazıb ki, bu düzəliş əslində Biləsuvarda işıq probleminə görə etiraz edən cəbrayıllı köçkünlərin tələblərini qəbul etməkdir və buna görə də o aksiya zamanı həbs edilənlər azad olunmalıdır:

“İşıq məhbusları haqlı çıxdı. İlham Əliyev kommunal xərclərin ödənilməsini məcburi köçkünlərin üzərinə qoyan 2017-ci il 23 yanvar tarixli fərmanında düzəliş edib. Məcburi köçkünlərin sıx yaşadığı qazlaşdırılmamış qəsəbələrdə, eləcə də yataqxana, pansionat tipli yerlərdə yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi və suya görə pulu əvvəllər olduğu kimi, yenə də dövlət ödəyəcək. Bu hissəsi yaxşıdır. Belə də olmalıydı. Ancaq 2 sual açıq qalır.
Birincisi, İlham Əliyevin fərman və sərəncamları niyə əvvəlcədən ölçülüb-biçilmir ki, onları ya tez-tez düzəltməli, ya da ləğv etməli olurlar? Məsələn, bunu başa düşmək nəyə görə çətin idi ki, qazlaşdırılmamış qəsəbədə yaşayan məcburi köçkünü üstəlik də işıqpulu güzəştindən məhrum etmək olmaz. İkincisi, fərmana edilən düzəliş sübut edir ki, Biləsuvar rayonundakı qazlaşdırılmamış qəsəbələrdə məskunlaşmış cəbrayıllı məcburi köçkünlər etiraz edərkən haqlı olublar. Onların tələbi bu gün faktiki qəbul edildi. Elə isə həmin etirazların təşkilatçıları olan “işıq məhbusları” hansı məntiqlə həbsdə saxlanılır? “İşıq məhbuslarını” da dərhal azad etmək lazımdır!”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir