Çərşənbə axşamı Sabunçu Rayon Məhkəməsində keçmiş MTN-in üç generalı və bir qrup zabitinin işi üzrə hazırlıq iclası keçirilib.
Müttəhimlər kürsüsündə generallar Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mürvətova, həmçinin baş zabitlər Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov əyləşiblər.
Proses qapalı rejimdə keçirilir. İclasdan sonra vəkillər jurnalistlərə bildiriblər ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıblar. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkillər işlə tanış olmaq üçün vaxt istəyiblər. Proses fevralın 21-nə keçirilib.
Xatırladaq ki, bu zabitlər uzun illər zorla pul tələb etmək, dələduzluq, reket, qanunsuz izləmə və həbs kimi ağır cinayətlər törətməkdə ittiham olunurlar.
Onların bu əməllərinin nəticəsində mülki şəxslərə, sahibkarlara və təşkilatlara milyonlarla ziyan dəyib.
MTN işi üzrə 4 general da daxil olmaqla, 20-dən çox yüksək vəzifəli zabit həbs olunub.