Elçin Həsənov: «Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri etiraf ediblər ki, 130 manata satdıqları qanın pulları baş həkimə çatır»
Tanınmış jurnalist və fəal Elçin Həsənov ötən gün Facebookda sensasion məlumatlar yayıb. Politika.Azxəbər verir ki, jurnalist özünün profilində qeyd edib ki, aprelin 1-dən 4-nə qədər Qarabağ cəbhəsində gedən müharibə zamanı döyüşlərdə yaralanmış əsgərlərimiz üçün yığılmış qan satılır. Onun iddiasına görə, o, özü şəxsən gözləriylə görüb ki, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında həkimlər həmin qanları xəstələrin yaxınlarına 130 manata satırlar.
Elçin Həsənov daha sonra yazıb ki, anasının xəstəliyi ilə əlaqədar olaraq dünən ona qan lazım olub və həmin mənzərəylə də orada rastlaşıb. «Anamın xəstəliyi ilə ələqadər qan lazım olmuşdu. Müraciət etdiyim həkimlər isə mənə dedilər ki, əgər bu ay içində insanlar könüllü olaraq qan verməsəydilər həmin qanı bu gün ona tapıb verə bilməzdilər. Sonra həmin həkim bildirdi ki, sözügedən qan ehtiyatları baş həkim tərəfindən siyahıya alınıb və hamısının da öz qiyməti var. Onun sözlərinə görə, satılan hər bir qanın pulu baş həkimə gedir».
Qeyd edək ki, belə bir halın yaşanması sözün həqiqi mənasında biabırçılıqdır. Eyni zamanda qeyri-insani davranışdan başqa bir şeyil. İnsanlar canlarıyla, qanlarıyla əsgərlərimizin yanında olmağa, onlara dəstək verməyə çalışdıqları halda, hansısa işbaz həkimlərin bu etimaddan istifadə edərək, prosesi qazanc mənbəyinə çevirməsi yolverilməzdir, bağışlanılmazdır, hətta belələrinə qarşı cinayət işinin açılması vacibdir.