Caspian Crystal” Holinq yüksək çinli məmurlardan birinin yaxınlarına verilib
Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov ətrafındakı müəmma davam edir. Politika.Azxəbər verir ki, bu müəmmaya səbəb onun rəhbəri olduğu nazirliyin bir çox yüksək çinlilərin həbs olunmasına rəğmən, ona dəyib-toxunan yoxdur.
Qeyd edək ki, böyük əksəriyyət bunca bibarıçı olaylara görə, Eldar Mahmudovun həbs olunacağını gözləyirdi. Hətta onun sağ əli sayılan generalların belə həbs olunması bu fikri qətiləşdirmişdi. Lakin hələ də gözləntilər özünü doğrultmur. Və bu prosesdə sabiq nazirin kənarda qalmasının bir sıra səbəblərlə bağlı ola biləcəyi qeyd edilir. Bu ərəfədə Eldar Mahmudovun oğluna məxsus “Caspian Crystal” Holdinq əlindən alınıb. Özü İspaniyaya qaçan sabiq nazir oğlu, buradakı şirkətlərini də olaylardan sonra sahibsiz buraxmaq məcburiyyətində qalmışdı. O səbəbdən də hakimiyyət dairələri sabiq nazirin əmlaklarını ələ keçirmək üçün addımlar atmağa başlamışdılar.
Verilən məlumatlara görə, keçmiş nazirin artıq bir neçə bağı, villası və əmlakı əlindən alınıb. Digərlərinin də əlindən alınması üçün addımların atıldığı da deyilir. Bu proses fonunda Anar Mahmudovun adına olan və ya onun olan digər şirkətlər hamısı müəyyənləşdirilib və bir-bir başqalarının adlarına keçirilir.
Məlumatlı mənbənin Politika.Az-a verdiyi məlumata görə, “Caspian Crystal” Holdinq bir neçə gün bundan əvvəl Anar Mahmudovun əlindən alınaraq, hakimiyyətdə təmsil olunan yüksək çinli məmurlardan birinin yaxınına verilib. Mənbə qeyd edir ki, proses bununla yekunlaşmayacaq və sabiq nazirin oğlunun əlindəki bütün əmlaklar alınacaq və başqalarına veriləcək.